47.1. Bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin bu Qanunun, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarının tələbləri pozulmaqla həyata keçirilməsinə, Mərkəzi Bankın verdiyi lisenziyaya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına yol verdiyini müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə, o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə pozuntunun xarakterindən asılı olaraq Mərkəzi Bankın banka aşağıda göstərilən təsir tədbirlərini tətbiq etmək hüququ vardır:
47.1.1. pozuntuların aradan qaldırılması haqqında bankdan öhdəlik məktubu tələb etmək;
47.1.2. bankla razılaşma bağlamaq;
47.1.3. banka sərəncam vermək;
47.2. Pozuntuların və ya pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması haqqında Mərkəzi Bank tərəfindən bankdan öhdəlik məktubu tələb edildikdə, bankın Mərkəzi Banka təqdim etdiyi məktubda yol verilmiş çatışmazlıqların radan qaldırılması üçün bank tərəfindən görüləcək tədbirlər və onların həyata keçirilməsi müddətləri göstərilir.
47.3. Mərkəzi Bank ilə bank arasında bağlanmış razılaşmada aşkar edilmiş çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılması və bununla bağlı ilk növbədə həyata keçirilməli tədbirlər müəyyən olunur.
47.4. Mərkəzi Bankın banka icrası məcburi olan sərəncamında bu Qanunun 48-ci maddəsində göstərilmiş təshih tədbirlərinin həyata keçirilməsi və (və ya) çatışmazlıqların, pozuntuların aradan qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir.
Bankın maliyyə vəziyyətinin sağlamlaşdırılmasına yönəldilən təshih tədbirləri tətbiq edildikdə, bank verilən sərəncama müvafiq olaraq tədbirin həyata keçirilməsi planını iki həftə müddətində Mərkəzi Banka təqdim edir.
Mərkəzi Bankın icrası məcburi olan sərəncamından məhkəmə qaydasında şikayət verilməsi həmin sərəncamın icrasını dayandırmır.
47.5. Bank bu Qanunun 47.2-ci, 47.3-cü və 47.4-cü maddələrində göstərilmiş müvafiq öhdəlik məktubunun, razılaşmanın və sərəncamın icrası barədə həmin sənədlərdə göstərilmiş müddətdə Mərkəzi Banka məlumat verməlidir.