49.1. Mərkəzi Bank bu Qanunun 47.1-ci maddəsində nəzərdə tutulan hallarda bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş təshih tədbirləri ilə yanaşı banka qarşı aşağıdakı sanksiyaları tətbiq edə bilər:
49.1.1. bank, habelə bank inzibatçıları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiq edilməsi;
49.1.2. inzibatçıların tutduğu vəzifələrindən azad edilməsi.
49.2. Mərkəzi Bank banka qarşı bu Qanunun 49.1.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanı tətbiq etdikdə, bank inzibatçılarının vəzifədən azad edilməsi bankın səlahiyyətli idarəetmə orqanının qərarı ilə təxirəsalınmadan həyata keçirilir.
49.3. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə Mərkəzi Bank bank lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxır.
49.4. Sanksiyaların tətbiqi bankı kreditorlar, o cümlədən bankın müştəriləri qarşısında öhdəliklərini, bankın inzibatçılarını isə (tutduğu vəzifədən azad edilmiş inzibatçılar istisna olmaqla) öz xidməti vəzifələrini yerinə yetirməkdən azad etmir.