57-5.1. Müvəqqəti inzibatçının təqdim etdiyi gündən 15 təqvim günü ərzində Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planını təsdiq etməlidir. Bu müddət Mərkəzi Bank tərəfindən 15 təqvim gününədək uzadıla bilər.
57-5.2. Tədbirlər planının layihəsi müvəqqəti inzibatçı tərəfindən minimum itkinin hesablanması prinsipi ilə müvafiq təhlillər və hesablamalar aparılmaqla hazırlanır.
57-5.3. Tədbirlər planı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin inventarizasiyasının nəticələri və bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi əsasında müəyyən edilmiş bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərdən hər hansı biri ilə bankın ödəmə qabiliyyətinin bərpası və ya ləğvi üçün müvafiq tədbirləri özündə əks etdirməlidir.
57-5.4. Tədbirlər planına xüsusilə aşağıdakılar daxil edilir:
57-5.4.1. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya tədbiri kimi itkilər və xərclər baxımından daha sərfəli olan bu Qanunun 57.6-cı maddəsində göstərilmiş tədbirlərdən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlili (bu cür təhlilin aparılması qaydaları və metodologiyası Mərkəzi Bank tərəfindən müəyyən edilir);
57-5.4.2. bankın rezolyusiyası zamanı proses iştirakçıları, bankın əmanətçiləri və digər kreditorları ilə münasibətlərin tənzimlənməsinin üsul, qayda və şərtləri;
57-5.4.3. alıcı bankın və investorun seçilməsi üçün hərracın şərtləri;
57-5.4.4. tədbirlər planının həyata keçirilməsi üçün müddət;
57-5.4.5. bankın ləğvi zamanı satıla bilən aktivlərin qiymətləndirilmiş dəyəri.
57-5.5. Tədbirlər planı Mərkəzi Bank tərəfindən təsdiq edildikdən sonra bankın müvəqqəti idarə edilməsi və (və ya) ləğv edilməsi bu plan əsasında həyata keçirilir. Mərkəzi Bank tədbirlər planına əlavə və dəyişikliklər etmək səlahiyyətinə malikdir.