Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 57-6

Maddə 57-6. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin alıcı banka köçürülməsi

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

57-6.1. Tədbirlər planına uyğun olaraq müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin bu Qanunda nəzərdə tutulan qaydada alıcı banka köçürülməsini təmin etməlidir. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini qəbul etmək istəyən alıcı bank sağlam bank olmalıdır. Alıcı bankın sağlam bank olmasının müəyyən edilməsi üçün alıcı bankın maliyyə vəziyyəti, idarəetmə sistemi, əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmə qabiliyyətinin olması, prudensial tələbləri yerinə yetirməsi Mərkəzi Bank tərəfindən qiymətləndirilir. Qiymətləndirmə nəticəsində Mərkəzi Bankın müsbət rəyini almış alıcı bank bu Qanunun 57-6.3-cü maddəsində nəzərdə tutulmuş hərracda iştirak edə bilər.

57-6.2. Müvəqqəti inzibatçı köçürüləcək aktiv və öhdəliklərin reyestrini tərtib edir. Aktiv və öhdəliklərin köçürülməsi zamanı müvəqqəti inzibatçı kreditorların bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyinə uyğun olaraq, bütün kreditorlarla bərabər və vicdanla davranmalıdır.

57-6.3. Alıcı bank Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə seçilir. Hərrac nəticəsində seçilmiş alıcı bankla bağlanan müqavilədə həmin bankın ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini qəbul etməsi barədə yazılı öhdəliyi əks olunmalıdır.

57-6.4. Ödəmə qabiliyyətini itirmiş bankın öhdəlikləri onların balans dəyərində alıcı bankla bağlanılan borcların ötürülməsi haqqında müqavilə əsasında köçürülür. Borcların ötürülməsi haqqında müqavilənin bağlanması üçün kreditorların razılığı, eləcə də ödəmə qabiliyyətini itirmiş bankın kreditorları ilə bağlanmış müqavilələrdə əlavə və dəyişikliklərin edilməsi tələb olunmur. Alıcı bank kreditorlara münasibətdə borclunun bütün hüquq və vəzifələrini əldə edir.

57-6.5. Ödəmə qabiliyyətini itirmiş bankın aktivləri qüvvədə olan əqdlər və qiymətli kağızlarla bağlı müqavilələr əsas götürülməklə, alıcı bankla bağlanan tələbin güzəşti və qiymətli kağızlara hüquqların ötürülməsi haqqında müqavilə əsasında köçürülür. Bu cür müqavilənin bağlanması üçün borcluların razılığı tələb olunmur. Alıcı bank ona ötürülmüş tələblər və qiymətli kağızlar üzrə hüquqlarla bağlı borclulara münasibətdə kreditorun bütün hüquq və vəzifələrini əldə edir. Müvafiq borclularla ödəmə qabiliyyətini itirmiş bank arasında bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsi tələb olunmur.

57-6.6. Bu Qanunun 57-6.4-cü və 57-6.5-ci maddələrində qeyd olunan müqavilələr bir sənəd kimi (qarışıq müqavilə) tərtib oluna bilər.

57-6.7. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin digər banka köçürülməsi barədə borcluları və kreditorları müvafiq müqavilələr bağlandığı vaxtdan 5 gün müddətində məlumatlandırmalıdır.

57-6.8. Aktiv və öhdəliklərin alıcı banka köçürülməsinin başa çatdığı gün Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın bank lisenziyasının ləğvi barədə qərar qəbul edir və bu Qanunun 59.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəməyə müraciət edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver