58.1. Bankın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən bu Qanunun 17-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən bank lisenziyası ləğv edildikdə bank səhmdarları bankın könüllü ləğvini həyata keçirməlidirlər.
58.2. Bankın könüllü ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bank bu təqdirdə Mərkəzi Banka onun tələb etdiyi zəruri sənədləri və məlumatları təqdim etməlidir və ortaya çıxan məsələləri araşdırmaq məqsədilə Mərkəzi Bankın yazılı müraciəti əsasında onun səlahiyyətli əməkdaşlarının bankın binasına daxil olmasına və ləğvetmə ilə bağlı bankın istənilən mühasibat kitabları və yazıları ilə işləməsinə imkan yaratmalıdır.
58.3. Mərkəzi Bank bankın ləğvetmə komissiyasının qanunvericiliklə müəyyən edilmiş qaydada bankın ləğvini təmin etmədiyini və bank tərəfindən bu Qanunun 58.2-ci maddəsinə riayət olunmadığını müəyyən etdikdə bu Qanuna müvafiq surətdə bankın məcburi ləğvi üçün müvafiq tədbirlər həyata keçirir.