Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 59

Maddə 59. Məcburi ləğv

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

59.1. Mərkəzi Bank, könüllü ləğv olunan və ya müflis elan olunmuş bank istisna olmaqla, bu Qanunun 16-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar üzrə lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir.

59.2. Məhkəmə bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında Mərkəzi Bankın ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Məhkəmədə bankın iştirak etməməsi ərizəyə baxılmasını dayandırmır.

Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Bankın məcburi ləğvi barədə məhkəmə qərarı, onun qəbul edildiyi gündən ən geci sonrakı gün Mərkəzi Banka və Fonda göndərilir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası, hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur.

Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları bankın ləğvi prosesinə cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici cəlb edildikdən sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici cəlb edilir.

59.3. Ləğv edilən bankın məcburi ləğvi və ləğvedicinin təyin olunması haqqında məhkəmə qərarı qəbul edildiyi gündən dərhal icraya yönəldilir və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq bu qərardan şikayət verilməsi onun icrasını dayandırmır. Ləğvedici bankın ləğvi prosesinin başlanması və ləğvedicinin təyin olunması haqqında məlumatı dərhal mediada dərc etdirir, bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq bildiriş göndərir.

59.4. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarından bankın səhmdarları və ya bankın Müşahidə Şurası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə müvafiq qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayət ərizəsinin surəti Mərkəzi Banka göndərilir.

Bankın məcburi ləğvinə dair məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə edilənədək qüvvədə qalır və ləğvedicinin ləğvetmə tədbirlərini həyata keçirmək səlahiyyətlərini dayandırmır.

59.5. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan:

59.5.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir (banka müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçının səlahiyyətlərinə bankın məcburi ləğvi barədə məhkəmə qərarı qəbul edildiyi andan Mərkəzi Bank tərəfindən xitam verilir);

59.5.2. bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur;

58.5.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;

59.5.4. bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.

59.6. Ləğvedicinin təyin edildiyi tarixdən bankın idarəetmə orqanları (müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçı) bankın möhürlərini, ştamplarını, bütün əmlakını, mühasibat kitablarını və digər sənədlərini təhvil-təslim aktı ilə ləğvediciyə təhvil verməlidir. Banka təyin edilmiş ləğvedici başqası ilə əvəz edildiyi hallarda, eyni qaydada təhvil-təslim işləri həyata keçirilməlidir. Təhvil-təslim aktı bankın məcburi ləğvi barədə qərar çıxarmış məhkəmənin qərarı ilə təsdiq edilir. Ləğvedicinin qəbul etdiyi qərarlar və göstərişlər məcburi ləğv edilən bankın işçiləri üçün məcburi xarakter daşıyır.

59.7. Bankın ləğvi ilə bağlı bütün xərclər bankın aktivləri hesabına ödənilir. Ləğvedicinin (ləğvedicilərin) əmək haqqı Mərkəzi Bankın təklifi ilə məhkəmə tərəfindən təyin edilir. Bu xərclər növbədənkənar qaydada ödənilir.

59.8. Bankın məcburi ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Məcburi ləğv olunan bankın aralıq ləğvetmə balansı, ləğvetmə tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsi barədə hesabat, habelə ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq olunur. Müvafiq hesabatların təqdim edilməsi müddətləri məhkəmə tərəfindən müəyyən olunur.

59.9. Məhkəmənin qərarı ilə ləğvedici bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş bir və ya bir neçə əməliyyatı həyata keçirə bilər.

59.10. Bankın məcburi ləğvi dövründə ləğvedici öz fəaliyyəti haqqında Mərkəzi Banka onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə Mərkəzi Bankın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.

59.11. Ləğvedici məcburi ləğv tədbirlərini həyata keçirərkən bu Qanunun 61-ci maddəsində göstərilmiş əsaslardan hər hansı birinin mövcudluğunu aşkar etdikdə bank barəsində iflas proseduruna başlanmasına dair əsaslandırılmış vəsatətlə Mərkəzi Banka müraciət edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver