62.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəyə məhkəmə aşağıdakı hallarda baxır:
62.1.1. ərizə bankın lisenziyasının ləğv edilməsi haqqında qərarla və bankın bu Qanunun 61-ci maddəsində göstərilən əsasların mövcudluğunu təsdiqləyən maliyyə hesabatı ilə birlikdə Mərkəzi Bank tərəfindən verildikdə;
62.1.2. ərizə kreditorların tələbini təsdiq edən sənədlərlə birlikdə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq kreditorlar tərəfindən verildikdə.
62.2. Bank bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmədikdə, bir və ya bir neçə kreditor Mərkəzi Banka vəsatətlə müraciət edə bilər. Mərkəzi Bank vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul edir. Mərkəzi Bank məhkəməyə ərizəni bu barədə qərarı qəbul etdikdən sonra 3 təqvim günü ərzində verir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı müəyyən edilməmişdirsə, Mərkəzi Bank kreditorlara əsaslandırılmış imtina göndərir. Kreditorların ərizəsinin Mərkəzi Bank tərəfindən rədd edilməsi onlar tərəfindən məhkəməyə müvafiq ərizənin verilməsinə mane olmur.
62.3. Ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra dərhal moratorium qüvvəyə minir. Moratoriuma görə məhkəmənin icazəsi olmadan heç bir kreditorborcunun qaytarılmasını və ya borcu müqabilində bankın əmlakını ona verilməsini və ya hər hansı girov (ipoteka) təminatının tutulmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı hər hansı tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.