Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərkəzi Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

7.2. Bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Mərkəzi Bank bankın kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və inzibatçıların məqbul və lazımi keyfiyyətlərə malik olması və bankın nizamnamə kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

7.2-1. Bu Qanunun 7.2-ci maddəsi sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə), benefisiar mülkiyyətçi olan şəxslərə, yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir.

7.3. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver