8.1. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:
8.1.1. bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) və
8.1.2. bank dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).
8.2. İlkin müraciətə aşağıdakı sənədlər və məlumatlar əlavə olunur:
8.2.1. Bankın səhmlərini əldə edəcək hər bir mülkiyyətçisi üçün:
8.2.1.1. həmin mülkiyyətçi hüquqi şəxs olduqda - onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
8.2.1.2. həmin mülkiyyətçi xarici hüquqi şəxs olduqda - bu Qanunun 8.2.1.1-ci maddəsində sadalanan sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
8.2.1.2-1. həmin mülkiyyətçi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda - bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;
8.2.1.3. həmin mülkiyyətçi fiziki şəxs olduqda - onun soyadını, adını, atasının adını və vətəndaşlığım, şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarmı, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;
8.2.1.4. həmin mülkiyyətçi əcnəbi olduqda (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla) - bu Qanunun 8.2.1.3-cü maddəsində sadalanan sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;
8.2.2. bankın təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, bankda mühüm iştirak pay sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə mühüm iştirak pay sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər;
8.2.3. bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, rəhbər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.4. Əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna daxildirsə bu qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;
8.2.5. bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun vətəndaş qüsursuzluğuna dair məlumat, mühüm iştirak payının sahibi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.5-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın səhmdarları arasındakı münasibətlər və bankın benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.6. Bankın yaradılması, onun nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında protokol da daxil olmaqla, bankın təsis sənədlərinin surəti və bankın nizamnaməsi;
8.2.7. Bankın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı;
8.2.8. bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.9. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə bankı üçün bu Qanunun 13.2-ci maddəsində göstərilmiş sənədlər;
8.2.10. İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
8.3. Mərkəzi Bank baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə və ya müraciətə əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar (bu Qanunun 8.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla) müəyyən etdikdə, bu barədə müraciət edənlərə 15 təqvim günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Həmin müddətdə Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
8.4. Mərkəzi Bank ilkin müraciəti bu Qanunun 8.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin iştirakı olduğu halda isə ən geci 180 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Mərkəzi Bank qəbul etdiyi qərarı müraciət edənlərə göndərir.
8.5. Mərkəzi Bankın ilkin müraciətə müsbət baxılması haqqında qərarında aşağıdakılar göstərilir:
8.5.1. bankın biznes-planı və təqdim edilmiş sənədlərdə göstərilən bank fəaliyyəti növlərini nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı.
8.5.2. bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması;
8.5.3. ərizəçilərin bank lisenziyası verilənədək yerinə yetirməli olduqları şərtlər və onlara dair tədbirlər;
8.6. Mərkəzi Bank bank lisenziyası almaq üçün ilkin müraciəti rədd etdikdə, öz qərarında bunun səbəblərini göstərməlidir.
8.7. İlkin müraciət rədd edildikdə bank lisenziyasının alınması üçün müraciət Mərkəzi Banka təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır.
8.8. Mərkəzi Bank bank lisenziyası alınması üçün ilkin müraciətə müsbət baxdıqda, ilkin nizamnamə kapitalının minimum miqdarının köçürülməsi üçün öz balansında həmin bankın müraciəti ilə onun adına hesab açır.
8.9. Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qərarın qəbul olunduğu gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ona müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarına uyğun dövlət qeydiyyatından keçməlidir. Bu müddət ərzində təsis edilən bank korporativ idarəetmə sistemlərini təşkil etməli (bu Qanunun tələblərinə uyğun idarəetmə orqanlarını yaratmalı, təşkilati strukturu formalaşdırmalı, informasiya texnologiya sistemini tətbiq etməyə hazır olmalı, mühasibat uçotu və hesabatı siyasətini müəyyən etməli, reqlament hazırlamalı, müvafiq rəhbər və minimum işçi heyəti müəyyən etməli), texniki-təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır.
8.10. Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir:
8.10.1. dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surəti, habelə bankın reqlamenti;
8.10.2. bankın yaradılması və inzibatçıların təyin edilməsi haqqında səhmdarların ümumi yığıncağının qərarının surəti;
8.10.3. bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması haqqında Mərkəzi Bankın qərarı ilə müəyyən edilmiş şərtlər qoyulduqda, həmin şərtlərin yerinə yetirildiyini təsdiqləyən sənəd (sənədlər);
8.10.4. ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;
8.10.5. bankın korporativ idarəetmə sistemlərinin, o cümlədən idarəetmə orqanlarının formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təsdiqləyən sənədlər;
8.10.6. bank lisenziyasının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənəd.
8.11. Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır. Yekun müraciətdə və/və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar (bu Qanunun 8.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla) müəyyən edildikdə, onların aradan qaldırılması üçün Mərkəzi Bank müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə Mərkəzi Bank ən geci 15 təqvim günü müddətində baxmalıdır. Mərkəzi Bank sənədlərin bu Qanunun 8.10-cu maddəsinin tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı üzrə ödənişlərin Mərkəzi Banka daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir.
8.12. Bu maddədə nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.