Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 88

Maddə 88. Xarici bankın yerli filialı barəsində iflas proseduru

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

88.1. Xarici bankın yerli filialı barəsində iflas proseduruna aşağıdakı hallardan hər hansı biri olduqda başlanıla bilər:

88.1.1. bu Qanunun 61-ci maddəsində göstərilmiş əsaslardan hər hansı biri müəyyən edildikdə;

88.1.2. xarici bankın yerləşdiyi ölkədə onun barəsində iflas proseduruna başlanıldıqda. Bu zaman iflas proseduruna Mərkəzi Bankın ərizəsi üzrə başlanır.

88.2. Bu fəslin müddəalarının məqsədləri üçün xarici bankın hər hansı yerli filialı Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində əmələ gələn, yaxud bu və ya digər şəkildə onunla bağlı olan aktivləri və passivləri də daxil olmaqla xarici bankın törəmə bankı kimi qəbul edilir, o şərtlə ki, bundan asılı olmayaraq xarici bank yerli filialının öhdəlikləri üçün tam məsuliyyət daşıyır.

88.3. Xarici bankın yerli filialı barəsində iflas proseduruna başlanılmasına dair məhkəmə qərarının təqdim edildiyi andan xarici bankın yerli filialının Azərbaycan Respublikasında göstərdiyi bütün fəaliyyət növlərinə xitam verilir. Bu zaman filiala təyin edilmiş ləğvedicinin qabaqcadan yazılı icazəsi ilə göstərilən fəaliyyət növləri istisna təşkil edir.

88.4. Müflis elan olunmuş xarici bankın yerli filialı barəsində bu Qanunun 78-ci maddəsi yalnız xarici bankın Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində əmələ gələn, yaxud bu və ya digər şəkildə onunla bağlı olan öhdəliklərin əvəzləşdirilməsi və saldosunun çıxarılması hallarında tətbiq edilir.

88.5. Azərbaycan Respublikasında filialı olan xarici bankın iflası haqqında işə başlanıldıqda onun yerli filialının aktivlərindən ilk növbədə yerli filialın Azərbaycan Respublikası ərazisində bank fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.

88.6. Xarici bankın yerli filialı barəsində Azərbaycan Respublikasında başlanılmış iflas proseduru filialın kreditorlarının öz tələblərinin ödənilməsi məqsədilə həmin tələblərin bankın xaricdəki aktivlərinə yönəltmək hüququnu məhdudlaşdırmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver