14.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) baytarlıq nəzarəti məntəqələri təşkil edilir.
14.2. Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün yumurtaların idxalına yalnız onlar baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahıya daxil edilən xəstəliklərə və digər yoluxucu xəstəliklərə görə kliniki sağlam və təhlükəsiz olduqda, bu xəstəliklərə görə sağlam zonadan və yoluxma mənbəyindən müəyyən edilmiş məsafədən kənarda yerləşən təsərrüfatlardan götürüldükdə yol verilir.
14.3. Dövlət baytarlıq nəzarətində olan yüklərə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə, tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilir.
14.4. Damazlıq, əmtəə və ya kəsim məqsədilə heyvanların ixrac edən ölkənin ərazisində (götürüldükləri təsərrüfatdan ixrac edən ölkədə yüklənəcəkləri məntəqəyə kimi) daşınması idxal və ixrac edən ölkələrin birgə müəyyən etdikləri şərtlərə uyğun həyata keçirilir.
14.5. İnsanların qidalanması, heyvanların yemlənməsi və ya əczaçılıq, kənd təsərrüfatı və sənayedə istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının ərazisinə idxalına yalnız o halda yol verilir ki, ixrac edən ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları versin.
14.6. Azərbaycan Respublikasından ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara idxalçı ölkələr tələb etdiyi halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baytarlıq sahəsində beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış beynəlxalq baytarlıq sertifikatı verilir. İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan heyvan mənşəli qida məhsullarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər.
14.7. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranziti onları göndərən və alan ölkələrin müvafiq ərazilərinin epizootik vəziyyəti nəzərə alınmaqla həyata keçirilir.
14.9. Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı, idxalı və tranziti müvafiq icra hakimiyyəti orqanından və onun ərazi bölmələrindən həmin ölkələrdə epizodik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.