16.1. Mülkiyyət formasından asılı olmayaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət baytarlıq nəzarətinin aparılması məcburidir.
16.2. Bazarlarda dövlət baytarlıq nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət baytarlıq (baytarlıq-sanitariya) ekspertizası laboratoriyaları həyata keçirirlər.
16.3. Bazarlarda dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:
16.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunu yoxlamaq, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala qanunla müəyyən edilmiş qaydada baxış keçirmək;
16.3.2. heyvan mənşəli məhsullardan və xammaldan qanunvericiliklə müəyyən edilmiş qaydada nümunə götürüb laboratoriyalarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirmək;
16.3.3. baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktı təqdim etmək və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoymaq;
16.3.4. insan və heyvanların sağlamlığı üçün təhlükəli olan heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul etmək.
16.4. Bazarlarda məhsul sahiblərinə ticarət yeri yalnız dövlət baytarlıq-ekspertiza laboratoriyalarının müsbət rəyindən sonra verilə bilər.
16.5. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı qadağandır. Bu tələblərə əməl olunmadığı hallarda həmin heyvan mənşəli məhsullar və xammal qanunla müəyyən edilmiş qaydada dövriyyədən götürülür, zərərsizləşdirilir və ya məhv edilir.
16.6. Ticarət obyektlərinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar.
16.7. Bazarlarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını yalnız öz ixtisası üzrə ən azı üç il işləmiş və müvafiq hazırlığı olan və qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş baytarlıq mütəxəssisləri apara bilərlər.
16.8. Baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16.9. Mülkiyyət formasından asılı olmayaraq dövlət baytarlıq nəzarəti və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparmaq üçün bazarların müdiriyyəti qanunvericiliyə uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizası laboratoriyalarına baytarlıq normalarına uyğun xidməti otaqlar verməyə və kommunal xərcləri ödəməyə borcludurlar.