17.1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir.
17.2. Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilir.
17.3. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün baytarlıq istehsalat-nəzarət bölmələri yaratmağa, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada lazım olan şəraiti yaratmağa borcludurlar.
17.4. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü saxlanması, emalı və satışı obyektlərində dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi, həmçinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın normativ-texniki sənədlərin və baytarlıq normativlərinin tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.