Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Karantin və məhdudiyyət tədbirləri

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Karantin və məhdudiyyət tədbirləri heyvanların yoluxucu xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklər baş verdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq edilir. Heyvanlarda xüsusi təhlükəli xəstəliklər aşkar edilərsə və ya belə xəstəliklərin baş verməsi təhlükəsi yaranarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə dərhal məlumatlandırılır.

21.2. Heyvanların xüsusi təhlükəli xəstəliklərinin yayılması dərəcəsindən asılı olaraq xəstəlik bir rayonun ərazisində və ya ərazi vahidində baş verdikdə ərazi baş dövlət baytarlıq müfəttişinin, bir neçə rayonda, bölgədə və ya respublikanın bütün ərazisində isə respublikanın baş dövlət baytarlıq müfəttişinin təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilir. Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21.3. Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazilərdə hər bir xəstəlik üzrə görülməsi zəruri olan kompleks baytarlıq tədbirləri bu Qanunun, baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın sənədlərinə uyğun aparılır.

21.4. Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyəti qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvəqqəti dayandırıla bilər.

21.5. Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə birgə karantin polis və baytarlıq nəzarəti postları qoyula bilər. Onların sayını və yerləşdirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

21.6. Baş vermiş xəstəlik üzrə qanunvericiliklə nəzərdə tutulan kompleks baytarlıq tədbirləri həyata keçirildikdən sonra bu ərazidə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi dayandırılır. Baytarlıq fəaliyyəti üçün qanunvericilikdə nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının karantinin götürülməsi barədə qərarında müəyyən məhdudiyyət tədbirlərinin davam etdirilməsi göstərilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver