24.1. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanlar, onlardan alınan məhsullar və xammal təhlükəlilik dərəcəsindən asılı olaraq qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən götürülməli, məhv edilməli və ya qanunla təsdiq etdiyi qaydaya uyğun olaraq götürülmədən məcburi zərərsizləşdirilməli, emal və ya təkrar emal edilməlidir.
24.2. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem məhsullarının və yem əlavələrinin götürülmədən zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə nəticələnən heyvan xəstəliklərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.4. Heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhvi nəticəsində dəymiş ziyanın əvəzini hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və şərtlərlə almaq hüququna malikdirlər.
24.5. Karantin rejiminin tətbiqi və ya heyvanların karantin xəstəliklərinin ləğvi, profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilir.
24.6. Karantin xəstəliklərinin ləğvində, profilaktikasında və yayılmasının qarşısını alarkən əmlakından və ehtiyatlarından istifadə olunmuş hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə onlara dəymiş maddi ziyanın əvəzini almaq hüququna malikdirlər.
24.7. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq nəzarətində olan yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçirilir.