Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Özəl baytarlıq xidməti müəssisələrinin hüquq və vəzifələri

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Özəl baytarlıq xidməti müəssisələrinin aşağıdakı hüquqları vardır:

29.1.1. karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilən heyvan xəstəlikləri istisna olunmaqla, başqa heyvan xəstəliklərinə və zəhərlənmələrə diaqnoz qoymaq və müalicə işi ilə məşğul olmaq;

29.1.2. heyvanlarda profilaktik peyvənd işi ilə məşğul olmaq və heyvan sahibinə məsləhətlər vermək;

29.1.3. heyvanların yoluxucu xəstəliklərə tutulması təhlükəsi yarandıqda heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem məhsullarının və yem əlavələrinin təhlükə obyektinə gətirilməsi və oradan çıxarılmasının məhdudlaşdırılması və ya dayandırılmasını tələb etmək;

29.1.4. tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr olan yem məhsulları ilə heyvanların yemləndirilməsinin qarşısını almaq məqsədilə həmin maddələrin heyvanların yem rasionundan çıxarılmasını heyvan sahibindən tələb etmək və bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;

29.1.5. xidmət etdiyi müəssisələrdə baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə və normativlərinə əməl edilməsini heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü və emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərdən tələb etmək;

29.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarından istifadə etmək və həmin blanklar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək.

29.2. Özəl baytarlıq xidməti müəssisələrinin aşağıdakı vəzifələri vardır:

29.2.1.(Çıxarılıb)

29.2.2. öz fəaliyyətində baytarlıq qanunvericiliyini rəhbər tutmaq, baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə və normativlərinə əməl etmək;

29.2.3. heyvanlarda yoluxucu xəstəliklərin olmasına şübhə yarandıqda bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək və xəstəliyin yayılmasının qarşısını alan ilkin tədbirlər görmək;

29.2.4. heyvanların yoluxucu xəstəliklərinin epizootiyası zamanı müvafiq icra hakimiyyəti orqanına və onun yerli bölmələrinə köməklik göstərmək;

29.2.5. qanunvericiliklə müəyyən olunmuş formada və qaydada baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçot aparmaq, xidmət etdiyi hüquqi və fiziki şəxslərə, müvafiq icra hakimiyyəti orqanının yerli bölmələrinə hesabatlar təqdim etmək;

29.2.6. fəaliyyət göstərdiyi obyektdə istehsal edilən heyvan mənşəli məhsulların və xammalın, istifadə edilən yem məhsullarının və yem əlavələrinin baytarlıq (baytarlıq-sanitariya) normalarına uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver