7.0. Biometrik identifikasiya sistemi yeni texnologiyaların tətbiq edilməsi vasitəsilə aşağıda göstərilən vəzifələrin həyata keçirilməsini təmin edir:
7.0.1. şəxsin identifikasiyası və informasiya mübadiləsi üzrə işlərin operativliyinin və dəqiqliyinin artırılması, habelə sərhəd nəzarəti, ictimai asayişin qorunması, əməliyyat-axtarış, xilasetmə fəaliyyəti və digər tədbirlərlə əlaqədar şəxsin identifikasiyası üzrə işlərin xüsusi vasitələrlə real vaxt rejimində aparılması;
7.0.2. biometrik informasiya ehtiyatlarının formalaşdırılması, biometrik texnologiyaların tətbiq edilməsi, biometrik identifikasiya işlərinin aparılması sahəsində fəaliyyətin sistemli şəkildə əlaqələndirilməsi;
7.0.3. milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, o cümlədən terrorçuluğa, qanunsuz miqrasiyaya, insan alverinə və digər cinayətlərə qarşı mübarizənin informasiya təminatı, miqrasiya prosesləri və sərhədkeçmə ilə bağlı nəzarətin gücləndirilməsi;
7.0.4. şəxsə müxtəlif fərdi identifikasiya nömrələrinin verilməsinin qarşısının alınması;
7.0.5. pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin fərdiləşdirilməsinin operativliyinin təmin edilməsi, bu sahədə əhaliyə xidmət səviyyəsinin artırılması, bununla əlaqədar identifikasiya olunan şəxs barədə zəruri məlumatların real vaxt rejimində digər elektron informasiya ehtiyatlarından yoxlanılması və toplanılması;
7.0.6. pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin mühafizə dərəcəsinin gücləndirilməsi, eyni şəxsin ayrı adla belə sənəd əldə etməsi hallarının aşkar edilməsi və onlardan istifadənin qarşısının alınması;
7.0.7. axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində real vaxt rejimində şəkillərinə görə tanınması və müşahidəsi;
7.0.8. xüsusi rejimli obyektlərdə nəzarət-buraxılış işlərinin, kommunikasiya vasitələri, qurğuları və qovşaqlarının mühafizəsi işlərinin təkmilləşdirilməsi;
7.0.9. milli informasiya məkanında biometrik informasiya ehtiyatlarının məlumat mübadiləsinin təşkili;
7.0.10. miqrasiya üzrə beynəlxalq biometrik informasiya ehtiyatları ilə məlumat mübadiləsinin təşkili;
7.0.11. elmi, tarixi, mədəni araşdırmaların aparılması;
7.0.12. biometrik məlumatlar əsasında lazımi növ ekspertizaların keçirilməsi.