5.1. Məqsədli büdcə fondları dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin və yerli büdcələrin tərkib hissəsi kimi yaradıla bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilərlər.
5.2. Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsi ilə həyata keçirilir.
5.3. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
5.4. Müstəqil mədaxil mənbələrinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.
5.5. Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc hissəsində əks etdirilir və onların hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait müvafiq büdcələrə qaytarılır.