Bu Qanunun 5-ci maddəsində göstərilən şəxslər, habelə onların qəzadan sonrakı dövrdə radioaktiv şüalanmanın dolayı təsir göstərə biləcəyi şəraitdə doğulmuş uşaqları xüsusi tibbi müşahidə altında (dispanserləşdirmə) olmalıdırlar.
Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsi və onların dispanser müşahidəsi yaşayış və ya iş yeri üzrə tibb müəssisələri tərəfindən, həmin şəxslərə ixtisaslaşdırılmış tibbi xidmət göstərilməsi isə tibb müəssisələri tərəfindən həyata keçirilir. Belə tibb müəssisələrinin siyahısı, habelə tibbi yardım göstərilməsi və dispanserləşdirilmə keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Bu Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir.
Vətəndaşların öz əmək qabiliyyətini qismən və ya tamamilə itirməsinə Çernobıl qəzasının səbəb olduğu o halda etiraf edilmiş sayılır ki, həkim-əmək ekspert komissiyası (HƏEK.) belə bir səbəbin olduğunu təsdiq edir.