65.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər. Sağlamlıq vəziyyətinə görə, şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə və digər müstəsna hallara görə məhkum cəzasını çəkmək üçün başqa ərazidə yerləşən cəzaçəkmə müəssisələrinə göndərilə bilər.
65.2. Cinayətlərin xüsusi təhlükəli residivinə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya və ya cəzalarının bir hissəsini həbsxanada çəkməyə məhkum olunanlar, həmçinin əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəzalarını çəkmək üçün yaşadıqları yerdən asılı olmayaraq, müvafiq cəzaçəkmə müəssisələrinə göndərilirlər.