QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 215

Maddə 215. Adamları girov götürmə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, fiziki və ya hüquqi şəxsi hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

215.2. Eyni əməllər:

215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

215.2.2. təkrar törədildikdə;

215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;

215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə;

215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə;

215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə;

215.2.8. tamah niyyəti ilə törədildikdə— on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver