Müdafiə olunan şəxslərin aşağıdakı hüquqları vardır:
1) barəsində tətbiq ediləcək təhlükəsizlik tədbirləri haqqında məlumat almaq;
2) barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi və ya ləğv edilməsi barədə vəsatət qaldırmaq;
3) tətbiq edilən təhlükəsizlik tədbirlərindən başqa, bu Qanunla nəzərdə tutulan digər tədbirlərin də tətbiq edilməsini və ya tətbiq edilən tədbirlərdən hər hansı birisinin ləğv edilməsini təhlükəsizliyi təmin edən orqanlardan tələb etmək;
4) prokurorluğa və ya məhkəməyə (hakimə) təhlükəsizlik tədbirlərini həyata keçirən vəzifəli şəxslərin qanunsuz qərarlarından və ya hərəkətlərindən şikayət vermək.
Müdafiə olunan şəxslərin aşağıdakı vəzifələri vardır:
1) təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtlərinə və təhlükəsizliyi təmin edən orqanların qanuni tələblərinə əməl etmək;
2) ona qarşı edilən qanunsuz əməllər və ya gözlənilən hər bir təhlükə barəsində təhlükəsizliyi təmin edən orqanlara dərhal məlumat vermək;
3) təhlükəsizliyi təmin edən orqanlar tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə onun istifadəsinə verilmiş əmlakla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada davranmaq;
4) təhlükəsizliyi təmin edən orqanların icazəsi olmadan barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yaymamaq.