QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 244

Maddə 244. Axtarış və ya götürmə zamanı iştirak edən şəxslər

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

244.1. Axtarış və ya götürmə zamanı hal şahidləri iştirak edə bilər.

244.2. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir.

244.3. Zəruri hallarda axtarış və ya götürmənin aparılmasında tərcüməçi və mütəxəssis iştirak edə bilər. Bu Məcəllənin 242.4-cü maddəsində nəzərdə tutulmuş hallarda axtarış və ya götürmənin aparılmasında mütəxəssisin iştirakı təmin edilir.

244.4. Axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirıkı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir.

244.5. İdarə, müəssisə, təşkilatlara, hərbi hissələrə məxsus olan binalarda axtarış və ya götürmə onların nümayəndəsinin iştirakı ilə aparılır.

244.6. Barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydlər vermək hüququna malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver