QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 246

Maddə 246. Şəxsi axtarış və götürmə

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

246.1. Müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər.

246.2. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər:

246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə;

246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə;

246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda.

246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.

246.4. Şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver