278.1. Şübhəli və ya təqsirləndirilən şəxsin axtarışı müstəntiq tərəfindən cinayət işi üzrə ibtidai istintaq aparılması zamanı və ya cinayət işi üzrə icraatın dayandırılması ilə eyni vaxtda elan edilə bilər.
278.2. Şübhəli və ya təqsirləndirilən şəxsin olduğu yer məlum olmadıqda, yaxud şübhəli və ya təqsirləndirilən şəxs cinayət təqibi orqanından gizləndikdə müstəntiq öz qərarı ilə onun axtarışını müvafiq təhqiqat orqanına tapşırır.
278.3. Şübhəli və ya təqsirləndirilən şəxsin axtarışı onun olduğu yerin müəyyən edilməsi, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün tədbirlər görülməsini nəzərdə tutur.
278.4. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşkar edilmiş və tutulmuş və ya Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan şübhəli və ya təqsirləndirilən şəxs barəsində aşağıdakı tədbirlər tətbiq edilə bilər:
278.4.1. məhkəmə nəzarətini həyata keçirən məhkəmə həbs, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbirini seçə və ya dəyişə bilər;
278.4.2. müstəntiq icraatında olan cinayət işi üzrə həbs, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri istisna edilməklə, digər qətimkan tədbirlərini seçə və ya dəyişə bilər.