385.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi vasitəsi ilə verilir.
385.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin surətləri apellyasiyanın maraqlarına aid olduğu cinayət prosesinin iştirakçılarına çatacaq sayda apellyasiya şikayətinə və ya apellyasiya protestinə əlavə edilir. Bu vəzifə həbsdə olan məhkuma, yetkinlik yaşına çatmamış şəxsə və barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilən şəxsə şamil edilmir. Belə hallarda lazım olan miqdarda apellyasiya şikayətlərinin surətlərini birinci instansiya məhkəməsi hazırlayır.
385.3. Apellyasiya şikayəti və ya apellyasiya protesti bilavasitə apellyasiya instansiyası məhkəməsinə verildiyi halda apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 385.2-ci maddəsində nəzərdə tutulmuş tələblərin görülməsi üçün şikayəti və ya protesti birinci instansiya məhkəməsinə göndərir.