417.1. Kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan məhkəmə 3 (üç) gün müddətində onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə verir və ya çatdırır və onlara 20 (iyirmi) gün müddətində kassasiya şikayətinə və ya kassasiya protestinə öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu izah edir.
417.2. Kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olan şəxslər apellyasiya instansiyası məhkəməsinə daxil olmuş kassasiya şikayəti və ya kassasiya protesti və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə tanış olmaq, habelə onlardan lazımi məlumatların çıxarışlarını etmək hüququna malikdirlər.
417.3. Kassasiya şikayətinə və ya kassasiya protestinə dair etirazlar apellyasiya məhkəməsi tərəfindən işə əlavə olunur, bu etirazlar iş kassasiya instansiyası məhkəməsinə göndərildikdən sonra daxil olduqda bilavasitə kassasiya instansiyası məhkəməsinə göndərilir.