11.1. Maliyyə institutları tərəfindən aşağıdakı əməliyyatlara dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir:
11.1.1. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər;
11.1.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər.
11.2. Aşağıdakı hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir:
11.2.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;
11.2.2. əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar.
11.3. Aşağıdakı əməliyyatlar barədə məlumat və sənədlər məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur:
11.3.1. xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar;
11.3.2. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar;
11.3.3. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank və digər ödəniş hesabları üzrə əməliyyatlar.
11.4. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər bu Qanunun 4.14-cü, 4.15-ci və 11.1–11.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada ona təqdim etməlidirlər. Bu Qanunun 11.1-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədlər maliyyə monitorinqi orqanına əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində, bu Qanunun 4.14-cü, 4.15-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məlumat və sənədlərin təqdim edilməsinə dair əsaslar müəyyən edildikdən dərhal sonra, lakin hər bir halda həmin iş gününün sonundan gec olmayaraq təqdim edilməlidir.
11.5. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda, aşağıdakı əməliyyatlar maliyyə institutları tərəfindən, bu Qanunun 11.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 2 iş günü ərzində icra edilmir və məlumat və sənədlər, əməliyyatlar icra olunmadan, dərhal maliyyə monitorinqi orqanına təqdim edilir:
11.5.1. yüksək riskli müştəri profilləri ilə əlaqədar əməliyyatlar;
11.5.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı məbləğdə həyata keçirilən əməliyyatlar;
11.5.3. maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə nəticələnən əməliyyatlar.
11.6. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş əməliyyatın icra olunmaması mümkün deyildirsə, maliyyə institutları əməliyyatın icrasından dərhal sonra maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
11.7. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulan müddət ərzində əməliyyatın dayandırılması barədə maliyyə monitorinqi orqanının göstərişi daxil olmazsa, əməliyyat icra edilməlidir. Bu müddət ərzində maliyyə monitorinqi orqanından əməliyyatın dayandırılmasının zəruri olmadığına dair məlumat daxil olduğu halda, əməliyyat 2 günlük müddətin bitməsi gözlənilmədən dərhal icra edilməlidir.
11.8. Əldə edilmə mənbəyindən asılı olmayaraq maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlər məxfi və konfidensial saxlanılır, yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilir və qanunla müəyyən edilmiş sirlərin qorunması rejimi çərçivəsində qorunur. Maliyyə monitorinqi orqanı məlumat və sənədlərin təhlükəsizliyinin təmin olunması sistemini təşkil edir.
11.9. Maliyyə monitorinqi orqanı hər 5 ildən gec olmayaraq bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş əməliyyatların minimum məbləğinin yenilənməsi məsələsinə baxır. 5 illik müddətin axımı maliyyə monitorinqi orqanının əməliyyatların minimum məbləğini müəyyən etdiyi vaxtdan başlayır.
11.10. Bu Qanunun 4.14-cü, 4.15-ci, 11.2-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsinə dair müştəriyə məlumat verilməməlidir.
11.11. Öhdəlik daşıyan şəxslər hüquqi şəxs olan müştərilərə tətbiq edilən müştəri uyğunluğu tədbirləri çərçivəsində müəyyən edilmiş benefisiar mülkiyyətçi barədə məlumatları 3 iş günü ərzində maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.