6.1. Öhdəlik daşıyan şəxslər ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədləri qanunvericilikdə daha uzun müddət nəzərdə tutulmadıqda, əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar.
6.2. Öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri, işgüzar yazışmaları, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədləri qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda, işgüzar münasibətlərə xitam verildikdən və yaxud hər hansı birdəfəlik əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar.
6.3. Bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulan müddət maliyyə monitorinqi orqanının və ya nəzarət orqanının qərarı ilə hər bir xüsusi halda uzadıla bilər.
6.4. Əməliyyata dair məlumat və sənədlər cinayət mühakimə icraatı zamanı onların sübut kimi istifadəsinin təmin edilməsi məqsədilə hər hansı əməliyyatın yenidən bərpa edilməsinə imkan verəcək qaydada saxlanılmalıdır.
6.5. Öhdəlik daşıyan şəxslər tərəfindən saxlanılan məlumat və sənədlər maliyyə monitorinqi orqanına, nəzarət orqanlarına, cinayət təqibi orqanlarına və məhkəmələrə (qanunla nəzərdə tutulmuş xüsusi rejimlə mühafizə edilən məlumat və sənədlər onların mühafizə rejiminə uyğun olaraq) sorğuda göstərilən müddətdə təqdim edilməlidir.
6.6. Hüquqi şəxslərin öz benefisiar mülkiyyətçisi, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının isə xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumat və sənədlərə malik olması, habelə benefisiar mülkiyyətçilərinə dair məlumatların reyestrinin aparılması ilə bağlı məsələlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.