Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Reyestr

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Reyestr elektron informasiya sistemi formasında təşkil olunur, bildirişlərin daxil edilməsi və bildirişlər üzrə axtarış aparılması üçün fasiləsiz fəaliyyət göstərir.

20.2. Bu Qanunun 21.1.8-ci-21.1.13-cü maddələrində göstərilənlər istisna olmaqla, reyestrə daxil edilən bildirişdə göstərilən məlumatlar reyestrdə axtarış aparan bütün şəxslər üçün açıqdır.

20.3. Bu Qanunun 21.1.8-ci-21.1.12-ci maddələrində göstərilən məlumatlar rəsmi statistikanın aparılması məqsədi üçün istifadə olunur.

20.4. Reyestrə aşağıdakı bildirişlər daxil edilir:

20.4.1. yüklülük haqqında bildiriş;

20.4.2. yüklülüyə dəyişikliklər edilməsi haqqında bildiriş;

20.4.3. yüklülüyə etiraz etmə haqqında bildiriş;

20.4.4. yüklülüyə xitam vermə haqqında bildiriş.

20.5. Bildiriş axtarış aparan şəxslər üçün reyestrdə göründüyü andan qüvvəyə minmiş hesab olunur.

20.6. Bildirişi reyestrə daxil edən şəxs həmin bildirişdəki məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.

20.7. Reyestrə yüklülük haqqında müqavilədən əhəmiyyətli dərəcədə fərqlənən məlumatı əks etdirən bildirişin daxil edilməsinə və ya bu Qanunun 25.1-ci maddəsində müəyyən olunmuş hallarda və müddətdə bildirişin daxil edilməməsinə görə vurulan zərər həmin bildirişi reyestrə daxil edən və ya daxil etməli olan qurum və ya şəxs tərəfindən ödənilir.

20.8. Reyestri aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanması və reyestrin aparılması qaydalarının pozulması qanunla müəyyən edilmiş inzibati və cinayət məsuliyyətinə səbəb olur.

20.9. Reyestrin fəaliyyəti bu Qanunun 27-ci maddəsinə uyğun olaraq reyestrdən istifadəyə görə toplanmış haqlar hesabına maliyyələşir.

20.10. Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20.11. Bildiriş onlayn rejimində məlumatların reyestrə daxil edilməsi yolu ilə qeydiyyata alınır və ona unikal qeydiyyat nömrəsi verilir. Dövlət və bələdiyyə yüklülükləri üzrə bildirişlər reyestrə inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə daxil edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver