Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Reyestrə yüklülük haqqında bildirişin daxil edilməsi ilə bağlı ümumi qaydalar

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Reyestrə daxil edilən yüklülük haqqında bildirişdə aşağıdakı məlumatlar göstərilir:

21.1.1. yüklülük sahibi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, fərdi identifikasiya nömrəsi (FİN) və olduğu halda vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları, əcnəbi olduqda isə onun pasportunun seriyası, nömrəsi və əlaqə məlumatları;

21.1.2. yüklülük sahibi dövlət və ya bələdiyyə orqanı, habelə hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı, vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və əlaqə məlumatları, xarici hüquqi şəxs olduqda isə latın hərfləri ilə tam adı və əlaqə məlumatları;

21.1.3. borclu və ya yüklülük verən fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, FİN və olduğu halda vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları, əcnəbi olduqda isə onun pasportunun seriyası, nömrəsi və əlaqə məlumatları;

21.1.4. borclu və ya yüklülük verən dövlət və ya bələdiyyə orqanı, habelə hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı, vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və əlaqə məlumatları, xarici hüquqi şəxs olduqda isə latın hərfləri ilə tam adı və əlaqə məlumatları;

21.1.5. yüklülük predmetinin təsviri, habelə bildirişi daxil edən şəxs tərəfindən müəyyən edildikdə daşınar əmlakın seriya nömrəsi;

21.1.6. yüklülük haqqında bildirişin etibarlılıq müddəti;

21.1.7. yüklülük verənin məlumatların reyestrə daxil edilməsi üçün razılıq verməsinin xananın işarələnməsi yolu ilə təsdiqi;

21.1.8. yüklülüyün təmin etdiyi əsas öhdəliyin həcmi (yuxarı həddi);

21.1.9. borclunun cinsi (fiziki şəxs olduqda);

21.1.10. borclunun yeni və ya təkrar müştəri olması;

21.1.11. borclunun fəaliyyət dairəsi;

21.1.12. daşınar əmlakın növü;

21.1.13. bu Qanunun 20.10-cu maddəsində nəzərdə tutulan qaydalarda göstərilən digər məlumatlar.

21.2. Bu Qanunun 21.1.6-cı-21.1.12-ci maddələrində göstərilən məlumatların dövlət orqanlarının, bələdiyyələrin və məhkəmənin qərarı əsasında bu Qanunun 4.2-ci maddəsində müəyyən edilmiş yüklülüklər üzrə bildirişlərə daxil edilməsi tələb olunmur.

21.3. Yüklülük haqqında bildiriş aşağıdakı hallarda və şəxslər tərəfindən reyestrə daxil edilir:

21.3.1. müqavilə əsasında yaranan yüklülük halında həmin müqavilə əsasında və ya bu Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həmin müqavilənin qüvvəyə minməsindən əvvəl yüklülük sahibi tərəfindən;

21.3.2. dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin qərarı əsasında yaranan yüklülük halında qərarın qüvvəyə minməsindən sonra həmin qərarı qəbul etmiş dövlət orqanına, bələdiyyəyə və ya məhkəməyə bu barədə müraciət etmiş şəxs tərəfindən və ya bu qurumların təşəbbüsü ilə yüklülük tətbiq edildiyi halda həmin qurumların özü tərəfindən;

21.3.3. qanun əsasında yaranan yüklülük halında borclu tərəfindən öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi faktı aşkar olunduqdan sonra yüklülük sahibi (kreditor) tərəfindən.

21.4. Müqavilə əsasında yaranan yüklülük haqqında bildiriş yüklülük yaradan müqavilə tərəflər arasında imzalanmamışdan əvvəl yüklülük verənin yazılı razılığı əsasında yüklülük sahibi tərəfindən reyestrə daxil edilə bilər. Bu halda yüklülük sahibi yüklülük haqqında bildirişin qeydiyyata alındığı tarixdən 30 (otuz) gün ərzində yüklülük verənlə müqavilə bağlamalı və ya yüklülük haqqında bildirişə dərhal xitam verməlidir.

21.5. Müqavilə əsasında yaranan yüklülük haqqında bildirişin reyestrə daxil edilməsi üçün yüklülük verənin yazılı razılığı tələb olunur. Belə razılıq müqavilədə və ya ayrıca tərtib olunmuş sənəddə göstərilməlidir.

21.6. Dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin qərarı, habelə qanun əsasında yaranan yüklülük haqqında bildirişin reyestrə daxil edilməsi üçün yüklülük verənin razılığı tələb olunmur.

21.7. Yüklülük haqqında bildiriş onda göstərilmiş müddətədək qüvvədədir və reyestrdə yüklülüyə xitam vermə haqqında bildiriş daxil edilmədən yüklülük barədə bildirişə onda göstərilən müddət bitənədək qabaqcadan yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xitam verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver