23.1. Əgər yüklülük verən reyestrə daxil edilmiş yüklülük haqqında bildirişdə göstərilən məlumatların düzgün olmadığını hesab edirsə və yüklülük sahibi həmin bildirişi xəbərdarlığı aldığı tarixdən 5 (beş) iş günü müddətində dəyişdirməkdən və ya ona xitam verməkdən imtina edərsə və ya edilmiş dəyişikliklər yüklülük verəni və ya borclunu qane etməzsə, yüklülük verən və ya borclu reyestrə yüklülüyə etiraz etmə haqqında bildiriş daxil etmək hüququna malikdir.
23.2. Yüklülüyə etiraz etmə haqqında bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir:
23.2.1. etiraz olunan yüklülük haqqında bildirişin qeydiyyat nömrəsi;
23.2.2. yüklülüyə etiraz etmə haqqında bildirişi reyestrə daxil edən şəxs barədə bu Qanunun 21.1.3-cü və 21.1.4-cü maddələrində nəzərdə tutulan məlumatlar;
23.2.3. etiraz olunan yüklülük haqqında bildirişin dəyişdirilməsinə və ona xitam verilməsinə əsas olan hallar haqqında əsaslandırılmış məlumatlar;
23.2.4. bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq təsdiq ediləcək qaydalarda göstərilən digər məlumatlar.
23.3. Yüklülüyə etiraz edilməsi haqqında bildirişin reyestrə daxil edilməsi etiraz olunan yüklülük haqqında bildirişin xitamına səbəb olmur və reyestrdə etiraz haqqında bildirişlər axtarış aparan bütün şəxslər üçün açıq şəkildə saxlanılır.
23.4. Yüklülüyə etiraz etmə haqqında bildirişdən, habelə yüklülük haqqında bildirişin dəyişdirilməsindən və ya xitamından imtinadan şikayətlərə məhkəmələrdə baxılır.