Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Yüklülüyə xitam vermə haqqında bildirişin reyestrə daxil edilməsinin ümumi qaydaları

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Borclu reyestrə daxil edilmiş yüklülüklə bağlı öhdəliyi tam həcmdə icra etdikdən sonra yüklülük sahibi 5 (beş) iş günü ərzində yüklülüyə xitam vermə haqqında bildirişi reyestrə daxil etməlidir, bu şərtlə ki, yüklülük haqqında bildiriş onda nəzərdə tutulan müddət bitdikdən sonra və ya reyestrə inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə avtomatik qaydada reyestrdə görünən məlumatların siyahısından silinməmiş olsun.

25.2. Əgər yüklülük haqqında bir bildirişdə bir neçə yüklülük sahibi varsa (birgə kreditorlar) və onlardan birinin yüklülük hüququna xitam verilirsə, yüklülüyə xitam vermə haqqında bildiriş yalnız buna razılıq vermiş yüklülük sahibinin hüququ ilə bağlı tətbiq olunur.

25.3. Yüklülüyə xitam vermə haqqında bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir:

25.3.1. xitam olunan yüklülük haqqında bildirişin qeydiyyat nömrəsi;

25.3.2. yüklülüyə xitam vermə haqqında bildirişi reyestrə daxil edən şəxs barədə bu Qanunun 21.1.1-ci və 21.1.2-ci maddələrində nəzərdə tutulan məlumatlar;

25.3.3. bu Qanunun 25.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla yüklülüyün qüvvədən düşməsinin xananın işarələnməsi yolu ilə təsdiqi;

25.3.4. bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq təsdiq ediləcək qaydalarda göstərilən digər məlumatlar.

25.4. Yüklülüyə xitam vermə haqqında bildirişin yüklülük sahibi tərəfindən reyestrə daxil edilməsindən imtinadan şikayətlərə məhkəmədə baxılır və reyestrdə olan yüklülüyə məcburi qaydada xitam verilməsinə yalnız qüvvəyə minmiş məhkəmə qərarı əsasında yol verilir.

25.5. Yüklülük sahibi bu Qanunla müəyyən edilmiş müddətdə və qaydada yüklülüyə xitam vermə haqqında bildirişin reyestrə vaxtında daxil edilməməsi nəticəsində vurduğu zərərə görə yüklülük verən qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver