Qanunvericilik › Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Daxili audit xidmətinin vəzifələri

Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Daxili audit xidmətinin vəzifələri aşağıdakılardır:

4.1.1. təsərrüfat subyektində müntəzəm və səmərəli fəaliyyətin təmin edilməsi, məqsədlərə nail olmaq üçün risklərin idarə edilməsi, istənilən dəyişikliyə qısa müddət ərzində münasibət bildirilməsi məqsədi ilə yaradılan daxili nəzarət sisteminin səmərəliliyini və adekvatlığını müəyyən etmək;

4.1.2. mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;

4.1.3. təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək;

4.1.4. təsərrüfat subyektinin, ona tabe olan müəssisə və təşkilatların (onun törəmə təsərrüfat cəmiyyətlərinin) struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;

4.1.5. ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək.

4.2. Audit Komitəsi bir qayda olaraq ictimai əhəmiyyətli qurumlarda yaradılır və aşağıdakı vəzifələri yerinə yetirir:

4.2.1. təsərrüfat subyektində daxili audit siyasətini və strategiyasını müəyyən edir, daxili audit planlarını təsdiq edir və daxili audit fəaliyyətinə nəzarət edir;

4.2.2. daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını, proqramlarını, daxili auditin hesabatlarını, nəzarət sisteminin təkmilləşdirilməsinə dair tövsiyələri təsdiq edir;

4.2.3. daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair müvafiq idarəetmə orqanına təkliflər verir;

4.2.4. kənar auditin təyin edilməsi ilə əlaqədar müvafiq idarəetmə orqanına təkliflər verir;

4.2.5. təsərrüfat subyektlərinin icra orqanlarından kənar və daxili auditorların daxili nəzarət sisteminə dair verdikləri tövsiyələrin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat əldə edir;

4.2.6. maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirir və təsərrüfat subyektlərinin icra orqanları tərəfindən onların səmərəli idarə edilməsinə əminlik əldə edir;

4.2.7. kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqları müzakirə edir və onların aradan qaldırılması üçün müvafiq idarəetmə orqanına təkliflər verir;

4.2.8. maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirir və öz tövsiyələrini verir;

4.2.9. müəssisənin illik və cari maliyyə hesabatlarının hazırlanması prosesinə və nəticələrinə nəzarət edir;

4.2.10. daxili auditorların audit nəticəsində təqdim etdiyi tövsiyələrin müzakirəsini təmin edir;

4.2.11. təsərrüfat subyektinin müvafiq icra orqanlarını daxili auditorlar tərəfindən təqdim olunmuş tövsiyələrin icrasına cəlb edir.

4.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Audit Komitəsinin bu Qanunun 4.2-ci maddəsində müəyyən edilmiş vəzifələri təsərrüfat subyektinin Təftiş Komissiyası tərəfindən yerinə yetirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver