Qanunvericilik › Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Liman üzrə məcburi qaydalar

Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. “Dəniz limanı üzrə məcburi qaydalar” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir, Azərbaycan və ingilis dillərində nəşr olunur.

12.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) baza məntəqəsinin akvatoriyası liman ilə bitişik olduğu hallarda limanda məcburi qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılır.

12.3. “Dəniz limanı üzrə məcburi qaydalar” aşağıdakıları əhatə edir:

12.3.1. limanın sxematik planını;

12.3.2. gəmilərin limana girişi və çıxışı qaydalarını;

12.3.3. gəmilərin liman akvatoriyasının girəcəyində və akvatoriyasında sürət həddi və üzmə qaydalarını;

12.3.4. gəmilərin hərəkətini idarəetmə sistemlərinin fəaliyyət zonasının sxemini və bu zonalarda gəmilərin üzmə qaydalarını;

12.3.5. gəmilərin limanda dayanma qaydalarını və onların dayanacaq yerlərinin göstərilməsini;

12.3.6. dəniz üzgüçülüyü üçün qadağan edilən rayonları;

12.3.7. limanda ekoloji təhlükəsizliyin təmin edilməsi, karantinə riayət olunması qaydalarını;

12.3.8. limanın ərazisində və akvatoriyasında xüsusi rabitə vasitələrindən istifadə qaydalarını;

12.3.9. limanın sərhədləri haqqında məlumatları;

12.3.10. limana girişlərin sərhədləri haqqında məlumatları;

12.3.11. “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”da nəzərdə tutulmuş, fəlakət zamanı və təhlükəsizliyin təmin edilməsi üçün qlobal dəniz fəlakəti və əmniyyətli rabitə sisteminin A1 və A2 dəniz rayonlarının sərhədləri haqqında məlumatları;

12.3.12. gəmilərin qəbulu sahəsində limanın texniki imkanları haqqında məlumatları;

12.3.13. naviqasiya dövrü haqqında məlumatları;

12.3.14. gəmilərin məcburi və məcburi olmayan bələdçi müşayiəti rayonları haqqında məlumatları;

12.3.15. gəmilərin yedək gəmiləri ilə məcburi və məcburi olmayan müşayiəti rayonları haqqında məlumatları;

12.3.16. limanın və onun girişlərinin akvatoriyasının dərinliyi haqqında məlumatları;

12.3.17. təhlükəli yüklərin emalı haqqında məlumatları;

12.3.18. limanda və onun girişlərində gəmilərin üzməsinin təşkili haqqında məlumatları;

12.3.19. limanda qanunsuz müdaxilə aktları təhlükəsi yarandıqda, limanda olan gəmilərin kapitanları tərəfindən informasiyanın ötürülməsi haqqında məlumatları;

12.3.20. limanda olan gəmilərin kapitanlarına naviqasiya və hidrometeoroloji informasiyanın ötürülməsi haqqında məlumatları.

12.4. Limanların akvatoriyasında gəmilər “Dəniz limanı üzrə məcburi qaydalar”a və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş ərazi sularında üzmə qaydalarına riayət etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver