Qanunvericilik › Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Limanda təhlükəsizliyin təmin edilməsi

Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

13.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dəniz üzgüçülüyünün təhlükəsizliyi və limanda qanunsuz müdaxilə aktlarından müdafiə sahəsində tələbləri liman idarəsi, habelə dəniz terminallarının operatorları, limanın infrastruktur obyektlərinin sahibləri, gəmi kapitanları, limanda fəaliyyət göstərən və (və ya) olan digər şəxslər üçün məcburidir.

13.3. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydaya uyğun həyata keçirilir.

13.4. Liman “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlərə malik olmalıdır.

13.5. Dəniz terminallarının operatorları, limanın infrastruktur obyektlərinin sahibləri, gəmi kapitanları, limanda fəaliyyət göstərən və limanda olan digər şəxslər aşağıdakıları təmin etməlidir:

13.5.1. müvafiq tədbirlərin görülməsi üçün liman idarəsini dəniz üzgüçülüyünün təhlükəsizliyi və (və ya) limanda fəaliyyətin həyata keçirilməsi üçün təhlükə törədə bilən vəziyyətin yaranması, habelə limanda qanunsuz müdaxilə aktları haqqında vaxtında məlumatlandırmaq;

13.5.2. limanda asayişə riayət etmək;

13.5.3. limanın akvatoriyasının və ərazisinin istehsal və istehlak tullantıları, çirkli və (və ya) neftli sular, neft və insan sağlamlığı və (və ya) ətraf mühit üçün təhlükəli və (və ya) zərərli olan digər maddələr ilə çirkləndirilməsinin qarşısının alınması üçün tədbirlər görmək;

13.5.4. limanda hadisələrin başvermə səbəblərinin obyektiv, tam və hərtərəfli araşdırılmasına köməklik göstərmək.

13.6. Limanın təhlükəsizliyinin təmin edilməsi zamanı liman idarəsinin vəzifələri aşağıdakılardır:

13.6.1. qanunsuz müdaxilə aktının, limanda həyata keçirilən fəaliyyətin təhlükəsizliyini təhdid edən halların, limanın ərazisinin və (və ya) akvatoriyasının çirkləndirilməsinin baş verdiyi hallarda, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyinə təhdid edən digər hallar haqqında məlumat aldıqda, onlar barəsində müvafiq tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal məlumat vermək;

13.6.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlara (qurumlara) dəniz üzgüçülüyünün təhlükəsizliyinin və limanda qanunsuz müdaxilə aktlarından müdafiənin təmin edilməsinə, habelə limanda hadisələrin baş verməsinin səbəblərinin obyektiv, tam və hərtərəfli araşdırılmasının aparılmasına köməklik göstərmək;

13.6.3. dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyat və sağlamlığının, dəniz ətraf mühitinin mühafizəsi sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərişlərini icra etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver