20.1. Yükün aşırılması müqaviləsində başqa qayda nəzərdə tutulmadıqda, dəniz terminalının operatoru müqavilədə nəzərdə tutulmuş ödənişlərin ödənilmədiyi hallarda yükü (mülki qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılmış, yaxud dövriyyəsi məhdudlaşdırılmış yüklər, habelə ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişin təmin edilməsi üzrə ehtiyaclar üçün nəzərdə tutulmuş yüklər istisna olmaqla) saxlamaq hüququna malikdir. Bu halda yükün saxlanılmasını həyata keçirən dəniz terminalı operatorunun maliyyə tələbləri bu maddə ilə müəyyən olunmuş qaydada realizə edilən yükün dəyəri hesabına təmin olunur. Dəniz terminalının operatoru, onun yükün saxlanılması ilə bağlı xərcləri nəzərə alınmaqla, sifarişçinin yükün aşırılması müqaviləsi üzrə borcunu tam həcmdə ödəməsinədək yükü saxlamaq hüququna malikdir.
20.2. Müqavilədə nəzərdə tutulmuş müddətdə dəniz terminalının operatoruna təhvil verilmiş yük limandan tələb olunmadıqda və (və ya) çıxarılmadıqda və ya yükün aşırılması müqaviləsində nəzərdə tutulmuş ödənişlər üzrə dəniz terminalının operatoru qarşısında borc sifarişçi tərəfindən ödənilmədikdə, yük dəniz terminalının operatoru tərəfindən məhkəmə qərarı əsasında tam və ya qismən realizə oluna bilər. Bu maddənin müddəaları bu Qanunun 20.5-ci maddəsi ilə müəyyən edilmiş hallarda şamil olunmur.
20.3. Yükün nəqli və yaxud qablaşdırılması üçün sifarişçinin mülkiyyətində olan konteynerlər, qablar, yaxud digər vasitələr istifadə edildikdə, o dəniz terminalının operatoru tərəfindən məhkəmə qərarı əsasında tam və yaxud qismən realizə oluna bilər. Bu maddənin müddəaları bu Qanunun 20.5-ci maddəsi ilə müəyyən edilmiş hallara şamil olunmur.
20.4. Yükün aşırılması müqaviləsində məlumatlandırmanın başqa qaydası nəzərdə tutulmadıqda, yükün limandan çıxarılması üçün müddətin bitməsi ilə bağlı qida məhsullarının və (və ya) tez korlanan yükün, habelə onun nəqli, yaxud qablaşdırılmasında istifadə olunan sifarişçinin mülkiyyətində olan vasitələrin müstəqil realizə olunacağı barədə dəniz terminalının operatoru sifarişçini dərhal yazılı şəkildə məlumatlandırmalıdır.
20.5. Sifarişçinin məlumatlandırılmasından sonra 4 (dörd) gün müddətində qida məhsulları və (və ya) tez korlanan yük barədə qərar qəbul edilmədikdə, dəniz terminalının operatoru belə yükü, habelə onun nəqli, yaxud qablaşdırılmasında istifadə olunan sifarişçinin mülkiyyətində olan vasitələri (mülki qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılmış, yaxud dövriyyəsi məhdudlaşdırılmış yüklər, habelə ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişin təmin edilməsi üzrə ehtiyaclar üçün nəzərdə tutulmuş yüklər istisna olmaqla) yükün dəyərinin ödənilməsi haqqında sənədlərlə təsdiq edilən və adətən oxşar mallara görə tutulan qiymət və yaxud qiymətləndirici tərəfindən müəyyən edilən dəyər əsasında realizə etmək hüququna malikdir. Yükün dəyərinin qiymətləndirici tərəfindən qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
20.6. Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qaydada həyata keçirilir.
20.7. Dəniz terminalının operatoruna ödənilməli olan ödənişlər və yükün saxlanılması, realizəsi ilə bağlı xərclər çıxılmaqla, yükün realizəsindən alınan vəsait sifarişçinin hesabına köçürülməlidir. Yükün realizəsindən alınan vəsait dəniz terminalı operatorunun maliyyə tələblərinin və yükün saxlanılması, realizəsi ilə bağlı xərclərin ödənilməsi üçün kifayət etmədikdə, dəniz terminalının operatoru ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
20.8. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə olunmuş yükün, habelə yükə sərəncam vermək hüququna malik şəxsin dövlətin nəfinə imtina etdiyi yükün realizə olunduqda, göstərilmiş xidmətlərin və yerinə yetirilmiş işlərin dəyəri sifarişçi tərəfindən dəniz terminalının operatoruna ödənilmədikdə, müqavilədə nəzərdə tutulmuş ödənişlər yükün realizəsindən əldə edilmiş vəsait hesabına ödənilir.