Qanunvericilik › Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Dəniz terminalı operatorunun məsuliyyətinin əsasları

Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Dəniz terminalının operatoru yükün anbara qəbul edildiyi andan etibarən onun təhvil verilməsi və (və ya) yükün sifarişçisinin və ya onun səlahiyyət verdiyi şəxsin sərəncamına verilməsi anınadək yükün itirilməsinə, çatışmazlığına və (və ya) korlanmasına görə məsuliyyət daşıyır.

21.2. Yük dəniz terminalının operatoru tərəfindən sifarişçiyə, yaxud onun səlahiyyət verdiyi şəxsə yükün aşırılması müqaviləsi ilə müəyyən olunmuş gündən etibarən 30 (otuz) gün müddətində təhvil verilmədikdə, yük itirilmiş hesab olunur.

21.3. Dəniz terminalının operatoru onun təqsiri üzündən baş vermiş yükün itirilməsinə, çatışmazlığına və (və ya) korlanmasına görə aşağıdakı məbləğdə məsuliyyət daşıyır:

21.3.1. yükün itirilməsinə, yaxud çatışmazlığına görə – itirilmiş və ya çatışmayan yükün dəyəri məbləğində;

21.3.2. yükün korlanmasına görə – yükün dəyərinin azaldığı məbləğdə və ya onun bərpası mümkün olmadıqda, korlanmış yükün dəyəri məbləğində;

21.3.3. dəyəri elan edilməklə dəniz terminalının operatoruna təhvil verilmiş yükün itirilməsinə, çatışmazlığına, yaxud korlanmasına görə – yükün elan edilmiş dəyəri məbləğində.

21.4. Müqavilə ilə yükün texnoloji yığımı üzrə xidmət göstərilməsinə görə ödəniş müqavilənin ümumi dəyərinə daxil olmadıqda, dəniz terminalının operatoru itirilmiş, çatışmayan, yaxud korlanmış yükün dəyərini ödəməklə yanaşı, sifarişçiyə belə yükün texnoloji yığımına görə əvvəl aldığı haqqı qaytarır.

21.5. İtirilmiş, çatışmayan, yaxud korlanmış yükün dəyəri onun dəyərinin ödənilməsi haqqında sənədlərlə təsdiqlənən, yaxud yükü müşayiət edən sənədlərdə göstərilmiş qiymət əsasında müəyyən olunur. Yükü müşayiət edən sənədlərdə qiymət göstərilmədikdə, yükün dəyəri oxşar malların qiyməti və ya qiymətləndirici tərəfindən qiymətləndirilmə əsasında müəyyən olunur.

21.6. Yükün itirilməsi, çatışmazlığı, yaxud korlanması haqqında ərizə dəniz terminalının operatoruna yükün sifarişçiyə, yaxud onun səlahiyyət verdiyi şəxsə verildiyi və ya verilməsindən imtina olunduğu gün təqdim edilir. Yükün təhvil verilməsi zamanı sifarişçi, yaxud onun səlahiyyət verdiyi şəxs dəniz terminalının operatoruna yükün itirilməsi, çatışmazlığı, yaxud korlanması haqqında yazılı formada ərizə təqdim etməzsə və yükün itirilməsini, çatışmazlığını və ya korlanmasını göstərməzsə, əksi sübut olunmadığı təqdirdə, yükün müşayiət edən sənədlərdə göstərilən təsvirə uyğun olduğu hesab edilir.

21.7. Dəniz terminalının operatoru icrası Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün onlara müvafiq şərait yaratmalı, gömrük nəzarətinin həyata keçirilməsi üçün nəqliyyat vasitələri, rabitə və digər texniki nəzarət vasitələri ilə təchiz etməli və öz fəaliyyətini gömrük orqanları ilə əlaqələndirməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver