24.1. Limanlarda beynəlxalq, yerli və tranzit daşımalar zamanı yükün aşırılması dəniz terminallarının operatorları ilə dəniz, dəmiryol, avtomobil və digər nəqliyyat növlərinin daşıyıcılarının qarşılıqlı fəaliyyəti vasitəsilə həyata keçirilir.
24.2. Limanda dəniz terminalının operatoru ilə daşıyıcı arasında münasibətlər, onların qarşılıqlı fəaliyyəti, hüquqları və vəzifələri müqavilə ilə müəyyən edilir.
24.3. Bu Qanunun 24.2-ci maddəsində göstərilən müqavilə 5 (beş) il müddətinə bağlanılır və tərəflərin texniki təchizatında, işlərin görülməsi texnologiyasında dəyişikliklər baş verdikdə, onların qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.
24.4. Dəniz terminalı operatorunun dəmiryol nəqliyyatı daşıyıcısı ilə bağladığı müqavilədə aşağıdakılar müəyyən olunur:
24.4.1. dəmiryol stansiyasının və dəniz terminalı operatorunun vahid texnoloji iş prosesi əsasında istehsalat şəraiti və daşımaların həcmi nəzərə alınmaqla, yükün vaqonlara eyni vaxtda yüklənilməsi və vaqonlardan boşaldılması yerləri və normaları;
24.4.2. aşağıdakılar üçün vaxt normativləri:
24.4.2.1. vaqon qruplarının açılması, vaqonların verilməsi və götürülməsi;
24.4.2.2. vaqonların və digər nəqliyyat vasitələrinin yükgöndərənlər və yükalanlar baxımından çeşidlənməsi;
24.4.2.3. yükün qəbulu və təhvili üzrə əməliyyatların həyata keçirilməsi;
24.4.2.4. sənədlərin rəsmiləşdirilməsi və verilməsi;
24.4.2.5. vaqonların tərəziyə verilməsi və tərəzidən götürülməsi;
24.4.2.6. vaqonların yükün vurulması üçün hazırlanması;
24.4.2.7. yükün vaqonlara yüklənilməsi və vaqonlardan boşaldılması;
24.4.2.8. vaqonların yükün vurulması, yerləşdirilməsi, bərkidilməsi və daşınması üçün istifadə olunan vasitələrdən, əvvəl daşınmış yük qalıqlarından təmizlənməsi;
24.4.2.9. yükün yüklənilməsi üçün vaqonlara və digər nəqliyyat vasitələrinə texniki baxımdan yararlılığını müəyyən etmək məqsədi ilə baxış keçirilməsi;
24.4.3. tərəflər arasında hesablaşma qaydası;
24.4.4. yükün vaqonlara yüklənilməsinin, vaqonlardan boşaldılmasının həyata keçirilməsinə və digər işlərin və əməliyyatların yerinə yetirilməsinə təsir göstərən xüsusi şərtlər (meteoroloji şərait, işin növbəliliyi və s.);
24.4.5. tərəflərin müəyyən etdiyi digər şərtlər.
24.5. Dəniz terminalının operatorunun lokomotivi olmadıqda, vaqonların yükvurma, yükboşaltma yerlərinə verilməsi və götürülməsi, limanın sərhədləri daxilində yerləşən ümumi istifadədən kənar dəmiryollarında manevr işi müqavilə şərtlərinə uyğun olaraq dəmiryol nəqliyyatı daşıyıcısının lokomotivi ilə həyata keçirilir.
24.6. Dəniz, dəmiryol və digər nəqliyyat növlərinin daşıyıcıları limanın dəniz terminallarının operatoru olmayan infrastruktur obyektlərinin sahibləri ilə müqavilələr bağlaya bilərlər.