6-1.1. Dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarət məqsədi ilə, Azərbaycan Respublikasının ərazisinə idxal zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Dərman vasitələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizasının müddəti 15 (on beş) iş günündən, ixtisaslaşdırılmış ekspertizasının müddəti isə 90 (doxsan) təqvim günündən çox ola bilməz.
6-1.2. Dərman vasitələrinin ekspertizasının o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6-1.3. Dərman vasitələrinin ekspertizası zamanı müvafiq icra hakimiyyəti orqanı yeni dərman vasitələrinin (dərman maddələrinin) istehsal texnologiyasına dair məlumatların konfidensiallığını “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təmin etməlidir.
6-1.4. Yeni dərman vasitələrinin (dərman maddələrinin) istehsalı və sınağı aparılarkən bu Qanunun 6-1.3-cü maddəsində göstərilən məlumatların açıqlanması, habelə həmin dərman vasitələrinin kommersiya məqsədləri üçün istehsalı və istifadəsi, dövlət maraqlarının tələb etdiyi hallar istisna olmaqla, qadağandır.