Qanunvericilik › Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Diplomatik xidmət orqanı əməkdaşının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması

Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Diplomatik xidmət orqanlarında ştat vahidi ixtisar edildikdə və ya diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda, habelə bu Qanunun 24.4–24.6-cı və 26.1.2–26.1.7-ci maddələrində nəzərdə tutulan hallarda diplomatik xidmət orqanı əməkdaşı 3 (üç) ayadək müddətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur və onun tutduğu son vəzifə üzrə dövlət məvacibi ödənilir.

27.2. Bu Qanunun 25.3-cü maddəsində nəzərdə tutulan halda diplomatik xidmət orqanı əməkdaşı 3 (üç) ayadək müddətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur və onun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduğu son vəzifə üzrə dövlət məvacibi ödənilir.

27.3. Diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 5 (beş) faizindən artıq olmamaq şərtilə diplomatik xidmət orqanı əməkdaşlarının sərəncamda olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən rəsmiləşdirilir.

27.4. Diplomatik xidmət orqanı əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduğu tarixdən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərinin icrasına buraxılmır.

27.5. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış diplomatik xidmət orqanı əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrinin icrasına buraxılır.

27.6. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış diplomatik xidmət orqanı əməkdaşı barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı qanuni qüvvəyə mindiyi tarixdən həmin əməkdaşın diplomatik xidmət orqanlarında xidmətinə xitam verilir.

27.7. Diplomatik xidmət orqanı əməkdaşı bu Qanunun 11.1-ci maddəsinin birinci abzasında nəzərdə tutulan əməlləri törədib-törətməməsinin araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2 (iki) ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma diplomatik xidmət orqanı əməkdaşının öz vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq ən geci 2 (iki) ay müddətində əməkdaş barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına və ya intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul edilir.

27.8. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində diplomatik xidmət orqanı əməkdaşına tutduğu vəzifə üzrə dövlət məvacibi tam həcmdə ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver