Qanunvericilik › Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Diplomatik xidmət orqanlarının funksiyaları

Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları həyata keçirir:

6.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsini təmin etmək və əlaqələndirmək;

6.1.2. Azərbaycan Respublikasının milli maraqlarına uyğun sahələr üzrə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq, əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək;

6.1.3. Azərbaycan Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil etmək və onun milli maraqlarını qorumaq;

6.1.4. Azərbaycan Respublikasının beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində təşəbbüslərini xarici siyasət vasitələri ilə həyata keçirmək;

6.1.5. milli təhlükəsizliyin təmin olunmasından irəli gələn məsələləri xarici siyasət vasitələri ilə və diplomatik üsullarla həyata keçirmək;

6.1.6. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında danışıqların aparılmasını təşkil və təmin etmək;

6.1.7. Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;

6.1.8. dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin vahid xarici siyasət xəttinə uyğun həyata keçirilməsini təşkil etmək və həmin orqanların (qurumların) bu istiqamətdə fəaliyyətini əlaqələndirmək;

6.1.9. dövlət orqanlarının (qurumlarının) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayəndələrinin, habelə xaricə ezam olunmuş nümayəndə heyətlərinin fəaliyyətini əlaqələndirmək;

6.1.10. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə dəstək vermək;

6.1.11. Azərbaycan Respublikasının xarici siyasəti çərçivəsində beynəlxalq yardım fəaliyyətinə dair təklif vermək, beynəlxalq yardımın təşkilində, həyata keçirilməsində və əlaqələndirilməsində iştirak etmək;

6.1.12. Azərbaycan Respublikasının milli maraqları baxımından dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) və işgüzar dairələrin xarici dövlətlərin dövlət orqanları (qurumları), qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları) və işgüzar dairələri ilə, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların orqanları, bölmələri və nümayəndəlikləri (bundan sonra – beynəlxalq təşkilatların orqanları) ilə əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə kömək göstərmək;

6.1.13. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidəni həyata keçirmək;

6.1.14. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin depozitarisi funksiyasını həyata keçirmək, beynəlxalq müqavilələrin qeydiyyatını, uçotunu və saxlanılmasını təmin etmək;

6.1.15. müəyyən edilmiş səlahiyyətlər daxilində beynəlxalq məhkəmə və arbitraj işlərində Azərbaycan Respublikasının milli maraqlarını müdafiə etmək;

6.1.16. Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı rəsmi bəyanatlar, şərh və açıqlamalar vermək, dövlət orqanlarını (qurumlarını) və media subyektlərini beynəlxalq vəziyyət və Azərbaycan Respublikasının xarici siyasəti haqqında məlumatlandırmaq;

6.1.17. Azərbaycan Respublikası haqqında rəsmi məlumatların xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda yayılmasını təmin etmək;

6.1.18. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası və digər beynəlxalq əlaqələrinin qurulmasına və həyata keçirilməsinə kömək göstərmək;

6.1.19. konsul işini təşkil etmək və konsul funksiyalarını həyata keçirmək;

6.1.20. yüksək səviyyədə dövlətlərarası və hökumətlərarası mübadilələrin protokol təminatını həyata keçirmək;

6.1.21. dövlət orqanları (qurumları) ilə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların orqanlarının qarşılıqlı əlaqələrinə kömək göstərmək;

6.1.22. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq diplomatik və konsul imtiyazlarının və immunitetlərinin yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirmək;

6.1.23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmçinin normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, eləcə də beynəlxalq təşkilatların orqanlarının əməkdaşlarını arzuolunmaz şəxs elan etmək və bu barədə məlumatı aidiyyəti üzrə təqdim etmək;

6.1.24. xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin qurulmasına, eləcə də onlar arasında əməkdaşlığın inkişafına, həmrəyliyin gücləndirilməsinə və milli mənafeyə xidmət edən tədbirlərin təşkilinə dəstək vermək;

6.1.25. xarici dövlətlərdə silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda, müvafiq xarici dövlətdə fəaliyyət göstərən diplomatik nümayəndəlikdə və konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də orada olan digər Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək, həmçinin onların təxliyəsini təşkil etmək;

6.1.26. diplomatik və rəsmi yazışmalar aparmaq, onların qeydiyyatını, saxlanılmasını, arxivləşdirilməsini və mühafizəsini təmin etmək.

6.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər funksiyaları da həyata keçirə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver