7.1. Diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri aşağıdakılardır:
7.1.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına, eləcə də Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə riayət etmək;
7.1.2. vəzifə funksiyalarını yerinə yetirmək, rotasiya qaydalarına riayət etmək və məhdudiyyətlərə əməl etmək;
7.1.3. rəhbərlərinin öz səlahiyyətləri hüdudlarında verdikləri əmrləri, sərəncamları və göstərişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
7.1.4. diplomatik nümayəndəlikdə və konsulluqda xidmət, eləcə də xidməti ezamiyyətlər dövründə qəbul edən dövlətin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmaq və daxili işlərinə qarışmamaq, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə, eləcə də qanunla müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən sui-istifadə etməmək, o cümlədən birlikdə yaşadıqları ailə üzvlərinin də eyni şəkildə davranmalarını təmin etmək;
7.1.5. diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirən əməllərə yol verməmək, eləcə də həmin hərəkətləri və əməlləri dəstəkləməmək və ya təşviq etməmək;
7.1.6. dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müraciətlərinə qanunla müəyyən edilmiş qaydada baxmaq;
7.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada öz xidməti vəzifələrinin icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi müayinədən keçmək;
7.1.8. etik davranış qaydalarına, əmək və icra intizamına riayət etmək;
7.1.9. diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin olunduqda təyinat tarixində və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə təyin olunduğu diplomatik nümayəndəliyə və ya konsulluğa gəlmək, həmçinin diplomatik nümayəndəlikdən və ya konsulluqdan tutduğu vəzifədən azad edildikdə (geri çağırıldıqda) azad edilmə (geri çağırılma) tarixindən etibarən 10 (on) iş günü müddətində və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmaq;
7.1.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərildikdə vəzifə səlahiyyətlərinin icrasına başlayacağı tarixdə və ya müvafiq beynəlxalq təşkilatın orqanı ilə razılaşdırılmış tarixdə həmin orqana gəlmək və öz vəzifələrinin icrasına başladığı tarixdən etibarən 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) yazılı şəkildə məlumatlandırmaq;
7.1.11. beynəlxalq təşkilatın orqanında fəaliyyətini bitirdikdə və ya fəaliyyətinin bitmə müddətindən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geri çağırıldıqda fəaliyyətin bitmə və ya geri çağırılma tarixindən etibarən 10 (on) iş günü müddətində, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmaq;
7.1.12. əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə keçirilən görüşlər barədə xidmətdə olduğu diplomatik xidmət orqanının rəhbərini və ya tabeliyində xidmət keçdiyi vəzifəli şəxsi məlumatlandırmaq;
7.1.13. əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olduqda, həmçinin əməkdaşın övladları tərəfindən belə nikah bağlandıqda, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) 10 (on) iş günü müddətində məlumatlandırmaq;
7.1.14. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) və ya tabeliyində xidmət keçdiyi vəzifəli şəxslə razılaşdırmaqla qəbul edən dövlətin ərazisini tərk etmək;
7.1.15. diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə qəbul edən dövlətdə silahlı münaqişə baş verdikdə, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, fəaliyyət və hərəkətlərini xidmət keçdiyi diplomatik xidmət orqanının rəhbəri ilə razılaşdırmaq, onun və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaranmış vəziyyətlə bağlı göstərişlərini yerinə yetirmək;
7.1.16. vəzifə borcunun yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların şəxsi, ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamaq, eləcə də hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasını və işlənilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirmək;
7.1.17. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş dövlət sirrini təşkil edən məlumatların daşıyıcıları ilə iş qaydalarına əməl etmək, dövlət sirrini və qanunla mühafizə edilən digər sirləri həmişə, o cümlədən diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdən sonra da saxlamaq, onlardan diplomatik xidmət orqanlarında xidmətlə bağlı olmayan məqsədlər üçün istifadə etməmək.