8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir.
8.2. Dövlət əmlakının satıcısı aşağıdakı funksiyaları həyata keçirir:
8.2.1. müəyyən olunmuş qaydada dövlət əmlakının registrini aparır;
8.2.2. qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi üzrə komissiya yaradır;
8.2.3. özəlləşdirməyə açıq elan edilmiş dövlət əmlakını satılan anadək müəyyən edilmiş qaydada idarə edir;
8.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş dövlət müəssisələri istisna olmaqla, özəlləşdirmədən qabaq müəssisələrin restrukturizasiya və sağlamlaşdırılması ilə bağlı təkliflər hazırlayır və bu sahədə öz səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirir;
8.2.5. özəlləşdirmə qabağı dövlət müəssisələrinin idarəetməyə verilməsi barədə təkliflər irəli sürür;
8.2.6. məqsədəuyğun hallarda özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisələrinin müflis elan olunmasına dair təkliflər irəli sürür;
8.2.7. özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin təsisçisi və dövlətə məxsus səhmlər zərfinin saxlayıcısı kimi çıxış edir;
8.2.8. bu Qanunun 11.2-ci maddəsi nəzərə alınmaqla dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunu aparır və onun dövlət büdcəsinə köçürülməsini təmin edir, habelə mühasibat uçotunu aparmaqla, maliyyə və statistik hesabatları tərtib edir;
8.2.9. səhmdar cəmiyyətlərində (və ya müştərək müəssisələrdə) dövlət əmlak payının, həmçinin dövlət əmlakının satışı zamanı alıcıların alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərinin uçotunu aparır;
8.2.10. müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus paya və səhmlərə görə dövlət büdcəsinə dividend köçürülməsini təmin edən tədbirlər həyata keçirir.
8.3. Dövlət əmlakını satıcısının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ hüquqi akta uyğun olaraq tənzimlənir.