9.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi aşağıdakılar çıxış edir:
9.1.1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
9.1.2. bu Qanunun 9.2.-ci maddəsində göstərilənlərdən başqa Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər;
9.1.3. xarici hüquqi şəsxlər.
9.2. Dövlət əmlakının özəlləşdirilməsi zamanı aşağıdakılar alıcı kimi çıxış edə bilməzlər:
9.2.1. səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər;
9.2.2. icra hakimiyyəti orqanları;
9.2.3. bələdiyyə orqanları.
9.3. Yerli investorların dövlət əmlakının özəlləşdirilməsinin bütün forma və üsullarında məhdudiyyətsiz iştirak etmək hüququ vardır.
9.4. Xarici investorlar dövlət əmlakının özəlləşdirilməsi prosesində bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər. Dövlət özəlləşdirmə çeklərinin tədavüldə olduğu müddətdə xarici investorlar dövlət özəlləşdirmə çeklərindən dövlət özəlləşdirmə opsionaları təqdim etməklə istifadə edirlər.
9.5. Dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldıqdan sonrakı müddətdə xarici investorların özəlləşdirmədə iştirakı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
9.6. Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılıq hüququnun sübut edilməsi vəzifəsi alıcının üzərinə düşür.
9.7. Alıcılar tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.8. Dövlət əmlakının özəlləşdirilməsi zamanı müəyyən edilmiş qaydada özəlləşdirmə prosesinin təşkili üçün məsləhətçi cəlb edilə bilər.