21.1. Dövlət-özəl tərəfdaşlığı müsabiqəsinin qalibi və ya birbaşa danışıqlar aparılması yolu ilə cəlb edilmiş özəl tərəfdaşla bu Qanunun 20.3-cü maddəsinə uyğun olaraq dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanılır.
21.2. Dövlət-özəl tərəfdaşlığı layihəsi kreditor (kreditorlar) tərəfindən maliyyələşdirildikdə kreditora (kreditorlara) əlavə təminat verilməsi məqsədilə dövlət tərəfdaşı, özəl tərəfdaş və kreditor (kreditorlar) arasında birbaşa müqavilə imzalana bilər. Kreditorlarla birbaşa müqaviləyə tərəflər arasında dövlət-özəl tərəfdaşlığı layihəsinə dair məlumat mübadiləsi, kreditorun (kreditorların) hüquqları və bu hüquqların həyata keçirilməsi şərtlərini nəzərdə tutan işgüzar adətlərlə tələb olunan müddəalar daxil edilə bilər.
21.3. Özəl tərəfdaş xarici fiziki və ya hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya payların (səhmlərin) nəzarət zərfi xarici fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan hüquqi şəxs olduğu təqdirdə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi xarici və ya beynəlxalq kredit təşkilatı, bank və ya maliyyə qurumu tərəfindən maliyyələşdirildikdə dövlət-özəl tərəfdaşlığı müqaviləsi və digər layihə müqavilələri xarici elementli mülki hüquqi münasibət hesab olunur və tərəflər onlar arasında olan mülki hüquq münasibətlərinə tətbiq edilən hüququ “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən seçə bilərlər.