Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin şərtləri

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır:

22.1.1. müqavilənin tərəfləri;

22.1.2. müqavilənin predmeti, istehsal ediləcək malların, yerinə yetiriləcək işlərin və göstəriləcək xidmətlərin həcmi və xüsusiyyətləri, infrastrukturun yaradılması, idarəetməyə verilməsi;

22.1.3. müqavilədə nəzərdə tutulmuş infrastruktura mülkiyyət hüquqlarının tərəflər arasında ötürülməsi və bölüşdürülməsi qaydası (olduğu halda);

22.1.4. müqavilənin müddəti;

22.1.5. layihə üzrə tərəflərin öhdəlikləri, o cümlədən maliyyə öhdəlikləri;

22.1.6. dövlət dəstəyi və (və ya) özəl tərəfdaşa nəzərdə tutulan güzəştlər (olduğu halda);

22.1.7. müqaviləyə xitam verilməsi qaydası və onun nəticələri;

22.1.8. layihə tərəflərinin dəyişdirilməsinin şərtləri və qaydası;

22.1.9. dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulduğu halda, səlahiyyətli orqan və özəl tərəfdaş arasında torpaq icarəsi və ya istifadəsi ilə bağlı münasibətlərin tənzimlənməsi;

22.1.10. özəl tərəfdaşa verilən dövlət təminatı;

22.1.11. dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində dövlət tərəfdaşı və özəl tərəfdaş arasında öhdəliklərin bölüşdürülməsi;

22.1.12. layihənin ümumi dəyərində dövlət tərəfdaşının və özəl tərəfdaşın iştirak payı;

22.1.13. dövlət tərəfdaşı (layihənin xüsusiyyətindən asılı olaraq səlahiyyətli orqan) və özəl tərəfdaş arasında investisiya qoyuluşuna dair məsələlər;

22.1.14. podratçılara və subpodratçılara dair tələblər (olduğu halda).

22.2. Müsabiqənin şərtlər toplusunda özəl tərəfdaşa dövlət dəstəyinin və təminatların verilməsi nəzərdə tutulduğu halda, özəl tərəfdaşla dövlət təminatı müqaviləsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bağlayır.

22.3. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri, özəl tərəfdaşın öhdəliklərini yerinə yetirməsi şərtilə, özəl tərəfdaşın çəkdiyi xərclərə, qoyduğu investisiyaya və üzərinə götürdüyü öhdəliklərə mütənasib kompensasiya və gəlir əldə etməsinə nail olmaq üçün ödəniş şərtlərini, eyni zamanda belə ödəniş şərtlərinin vaxtaşırı olaraq nəzərdən keçirilməsi və dəyişən şəraitə uyğunlaşdırılması mexanizmlərini razılaşdırmaq və dövlət-özəl tərəfdaşlığı müqaviləsinə daxil etmək hüququna malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver