Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Özəl tərəfdaşa torpaq sahəsinin ayrılması

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün tələb olunan torpaq sahələrinin müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu formada və müddətdə, lakin dövlət-özəl tərəfdaşlığı müddətindən çox olmamaq şərtilə özəl tərəfdaşa ayrılması Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq səlahiyyətli orqan tərəfindən təşkil olunur.

34.2. Dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa icarəyə, istifadəyə verilə bilər və ya layihə şirkətinə pay şəklində qoyula bilər. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi özəl tərəfdaşa dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsini zəruri edirsə, özəl tərəfdaşla torpaq sahəsinin icarə müqaviləsi səlahiyyətli orqan tərəfindən bağlanılır. Özəl tərəfdaşa icarəyə verilən torpaq sahəsinin icarə haqqı “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət-özəl tərəfdaşlığı layihəsinin maliyyə-iqtisadi göstəriciləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu Qanunun 34.3-cü və 34.4-cü maddələrinə uyğun olaraq icarəyə götürülmüş torpaq sahələri özəl tərəfdaşa icarəyə və ya istifadəyə verilə bilər.

34.3. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün tələb olunan bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri keçirilmədən dövlət mülkiyyətinə və ya icarəsinə verilir.

34.4. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün tələb olunan xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələri mülkiyyətçi ilə müqavilə əsasında dövlət tərəfindən satın alınır və ya icarəyə götürülür.

34.5. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət-özəl tərəfdaşlığı layihəsi dövlət ehtiyacı hesab edildikdə, torpaqların alınması həmin Qanun əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver