Qanunvericilik › Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Bu Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə köçürülür.

4.3. Dövlət rüsumları “e-bildiriş” əsasında milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

4.3-1. Dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.

4.3-2. “e-bildiriş” dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunun 4.3-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları, “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4.3-3. Bu Qanunun 20-3-cü maddəsində nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4.4. Bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir.

Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur.

4.5. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

4.6. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.

4.7. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hesabat təqdim etməlidirlər.

4.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver