Qanunvericilik › Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. Təkliflərin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

38.1. Bu Qanunun 34.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla satınalan təşkilat təklifin şərtlər toplusunda göstərilmiş qüvvədə olma müddətinin bitməsinə 3 (üç) iş günü qalanadək qalib təchizatçının təklifini aksept edir və satınalma müqaviləsini bu Qanunun 3.12-ci maddəsi nəzərə alınmaqla informasiya sistemi vasitəsilə tərtib edib təchizatçıya portal vasitəsilə təqdim olunan aksept bildirişi ilə eyni vaxtda göndərir.

38.2. Qalib təchizatçı 5 (beş) iş günü ərzində satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalayır və satınalan təşkilata bu Qanuna əsasən tələb olunan icra təminatını (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim edir. Satınalan təşkilat satınalma müqaviləsini şərtlər toplusunda müəyyən edilmiş müddət ərzində, lakin 10 (on) iş günündən gec olmayaraq informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalayır.

38.3. İcra təminatının məbləği satınalma müqaviləsinin ümumi məbləğinin 10 faizi (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 5 faizi) həcmində müəyyən olunur. İcra təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) 30 (otuz) iş günü çox olmalıdır.

38.4. Ümumi məbləği 30 000 manatdan az olan satınalma müqaviləsi üzrə icra təminatı tələb olunmur.

38.5. Qalib təchizatçının bu Qanunun 38.2-ci maddəsində qeyd olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və (və ya) bu Qanuna əsasən tələb olunan icra təminatını (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir və təklifin təminatının geri qaytarılmaması ilə nəticələnir.

38.6. Bu Qanunun 38.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma müqaviləsi satınalan təşkilat tərəfindən imzalandığı gün qüvvəyə minir. Müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasını təmin edir. Satınalan təşkilat satınalma müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müqavilə imzalandıqdan sonra 5 (beş) iş günü ərzində təchizatçıya müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş razılıqlar barədə bildiriş göndərir. Satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.

38.7. Satınalma müqaviləsi ilə qalib təchizatçının üzərinə qoyulan öhdəliklər şərtlər toplusunda göstərilməmiş müddəalar və şərtlər hesabına artırıla bilməz.

38.8. Satınalma müqaviləsi qalib təchizatçı tərəfindən imzalananadək satınalma komissiyası əvvəlcədən şərtlər toplusunda göstərmişdirsə, satınalma predmetinin hər vahidinin qiymətini və xüsusiyyətlərini (göstəricilərini) dəyişdirməmək, həmçinin ehtimal olunan qiyməti keçməmək şərti ilə nəzarət orqanının razılığı ilə satınalma predmetinin həcmini (miqdarını) 10 faizə qədər artırıb-azalda bilər. Satınalma predmetinin həcmi (miqdarı) dəyişdirildiyi təqdirdə satınalan təşkilat bu barədə məlumatı informasiya sisteminə dərhal ötürür.

38.9. Nəzarət orqanı bu Qanunun 38.8-ci maddəsində qeyd olunan razılığın verilməsi ilə bağlı müraciətlərə 3 (üç) iş günü ərzində baxır.

38.10. Şərtlər toplusunda nəzərdə tutulmuşdursa, qalib təchizatçı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar subpodratçılarla müqavilə imzalaya bilər. Bütün digər hallarda satınalma müqaviləsinin icrası subpodratçılara həvalə edilə bilməz. Subpodrat müqaviləsinin (müqavilələrinin) məbləği satınalma müqaviləsinin ümumi dəyərinin 50 faizindən çox olmamalıdır. Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, subpodrat müqavilələrinin ümumi məbləğinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.

38.11. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində həmin məlumatları portalda dərc edir.

38.12. Satınalma müqaviləsində tərəflərin götürdükləri öhdəliklərin icra edilməməsi və ya natamam icra edilməsi üçün qanuna əsasən məsuliyyət tədbirləri, dəbbə pulu, təminatlar, mübahisələrin həlli qaydası, satınalma müqaviləsinin icra müddətinin başlanması və ya bitməsi müddətinin dəyişdirilməsinə əsas verən hallar və bunun şərtləri, habelə tətbiq edildikdə sığortalanma şərtləri göstərilməlidir.

38.13. Azərbaycan Respublikası ərazisində tikinti, tikinti-quraşdırma və istehsal sahələrinin qurulması işləri ilə bağlı qalib təchizatçı olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə satınalma müqaviləsi yalnız onların Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq uçota alınmış filialları və ya daimi nümayəndəlikləri olduğu halda bağlanıla bilər.

38.14. Satınalma müqaviləsinin qüvvəyə minmə qaydaları haqqında məlumatlar şərtlər toplusunda əks olunur.

38.15. Satınalma predmeti üzrə satınalma müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver